Məhkəmə qərarları › İş №3(062)-321/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-321/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-321/2024 16.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, X1 inzibati xəta haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. X3 tərəfindən Tovuz Rayon Məhkəməsinə qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. X3 həmin qərardaddan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-321/2024 saylı qərardadı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi qərar qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin Şəmkir filialından 27496,00 ABŞ dolları məbləğində xarici valyutanı Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Həmin vəsaitin əvəzində xx.xx.2020-ci il tarixli **********8796 nömrəli gömrük bəyannaməsi üzrə mal idxal edib (bir ay müddətinə) gömrük bəyannaməsini banka təqdim etmişdir. Həmin fakt iş materiallarına əlavə edilən gömrük bəyannaməsi ilə və "xxxx" ASC-nin Şəmkir filialı tərəfindən verilmiş məktubla öz təsdiqini tapmışdır. Bundan sonra müvəkkil bank qeyd olunan gömrük bəyannaməsini Azərbaycan Respublikası Mərkəzi Bankına vaxtında verməmiş və bu səbəblə barəsində inzibati protokol tərtib edilərək xx.xx.2023-cü il tarixli qərarla 2749,60 ABŞ dolları məbləğində cərimə edilmişdir. Odur ki, barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət verən şəxsə və Azərbaycan Respublikası Mərkəzi Bankına rəsmi məlaumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 2749,60 ABŞ dolları məbləğində cərimə edilmişdir. "xxxx" ASC-nin Şəmkir filialının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 27496 ABŞ dolları məbləğində xarici valyutanı xx.xx.2021-ci il tarixdə **********8796 nömrəli gömrük bəyannaməsi əsasında Azərbaycan Respublikasından kənara köçürmüş və həmin gömrük bəyannaməsini banka təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. İş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas ondan ibarət olmuşdur ki, X3 27496,00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 27496,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Bununla da Elman Yusifov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd olunan inzibati xəta törədilmişdir. Məhkəmə qeyd edir ki, X3 27496,00 ABŞ dolları məbləğində xarici valyutanı xx.xx.2021-ci il tarixdə **********8796 nömrəli gömrük bəyannaməsi əsasında Azərbaycan Respublikasından kənara köçürmüş, köçürülmüş pulun qarşılığında mal idxal etmiş və gömrük bəyannaməsini müvəkkil bank olan "xxxx" ASC-yə təqdim etmişdir. Lakin həmin bank gömrük bəyannaməsini Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etmədiyi üçün Elman Yusifovun barəsində inzibati protokol tərtib edilərək cərimə edilmişdir. Bu hal isə Elman Yusifovun təqsirli hərəkəti nəticəsində baş vermədiyindən o bu əməlinə görə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Məhkəmə hesab edir ki, barəsində tənbeh tədbiri tətbiq edilən şəxsin əməlində inzibati xəta tərkibi olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Elman Yusifovun barəsində iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar