Məhkəmə qərarları › İş №3(062)-33/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-33/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-33/2024 15.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və Zərərçəkmiş şəxs X6 iştirakı ilə, xx.xx.1986-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, öz deməsinə görə məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Tovuz şəhəri Dondar Quşçu qeydiyyatda olan və yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, X1 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-555 saylı və xx.xx.2023-cü il tarixli 2(062)-2624 saylı icra sənədləri üzrə yaranmış 4000 manat məbləğdə borcunu ödəməkdən boyun qaçırır. Bununla da X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 protokolu müdafiə edərək göstərdi ki, X2 Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-555 saylı icra sənədinə əsasən, iki nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin alınıb X9 verilməsi qət edilmişdir. X2 Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-2624 saylı icra sənədinə əsasən, 2447 manat pulun və 45 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb X9 verilməsi qət edilmişdir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. Həmin qərar borclu tərəfindən rəsmi qaydada əldə edilmişdir. Hazırki vaxta kimi borclunun tələbkara 4000 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən X8 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 bildirdi ki, qətnamənin icrasından yayınmaq kimi niyyəti yoxdur. xx.xx.2020-ci il tarixli, 2(062)-555 saylı icra sənədi üzrə hazırda 220 manat miqdarında ödəniş etmiş, qalan borcunu qısa müddət ərzində ödəyəcəkdir. xx.xx.2023-cü il tarixli 2(062)-2624 saylı icra sənədi üzrə icraata başlama qərarının surəti ona təqdim edilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs X10 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs icra sənədlərini lazımınca icra etmir. Hansı ki, onun maddi durumu yaxşıdır. Özü qərəzli olaraq pul ödəmir. Ona görə də barəsindən inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-555 saylı icra sənədindən görünür ki, borclu X2 üç nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınıb X4 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(062)-555 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-2624 saylı icra sənədindən görünür ki, borclu X2 2447 manat pulun və 45 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb X9 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-2624 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarından görünür ki, icraata başlama barədə qərarın və “tələbin könüllü icrası barədə” bildirişin X5 təqdim edilməsi barədə iş materiallarına sənəd əlavə edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun ifadə etdiyi mənadan belə nəticəyə gəlmək olur ki, göstərilən norma üzrə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş üzrə isə məhkəmə göstərir ki, barəsində inzibati icraat aparılan şəxs X3 qətnamənin icrasından üzrsüz şəkildə yayınması halı yoxdur. xx.xx.2020-ci il tarixli, 2(062)-555 saylı icra sənədi üzrə borclu mütəmadi ödənişlər edir. Hətta xx.xx.2024-cü il tarixdə 220 manat ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli 2(062)-2624 saylı icra sənədi üzrə isə icraata başlama qərarının surəti borcluya rəsmi təqdim edilməmişdir. Həmin icra sənədi ilə borclu protokol tərtib edilən gün tanış olmuşdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən X3 qətnamə üzrə borcunu qərəzli olaraq ödəməkdən yayınmasını müəyyən etmək mümkün deyildir. Əksinə onun aylıq hissə-hissə ödəniş etmək niyyətinin olması, eyni zamanda xx.xx.2023cü il tarixli 2(062)-2624 saylı icra sənədi üzrə icraata başlama qərarının və tələbin könüllü icra edilməsi barədə bildirişin X5 təqdim edilməsi barədə iş materiallarına sənəd əlavə edilməməsi qərəzlilik faktını təkzib edir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar