Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-332/2025 23.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Tovuz rayon prokurorunun köməkçisi X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X6 İnzibati xəta haqqında qərardan şikayət verən şəxs "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X8 və onun müdafiəçisi Vəkil iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X17 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X17 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz rayon prokuroru vəzifəli şəxs kimi onun və direktoru olduğu "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə icraat başlanmışdır. Həmçinin vəzifəli şəxs kimi onun barəsində araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinə təqdimat göndərilmişdir. X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin 24 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarı ilə o, yəni X18 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə vəzifəli şəxs kimi 3000 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2025-ci il tarixdə Tovuz rayonu Qəribli kənd sakini X21 yanacaqdoldurma məntəqəsindən benzin alaraq özünü yandırmağa cəhd etmişdir. Araşdırma zamanı hadisənin "xxxx" MMC-nin ərazisindən kənarda olması (hadisə “Görüş” kafesinin bərabərində, Bakı-Qazax yolunun sağ tərəfində, yanacaqdoldurma məntəqəsindən 250- 300 metr aralı məsafədə baş vermişdir, hansı ki, həmin ərazi onların yanacaqdoldurma məntəqəsi ilə qaz yanacaqdoldurma məntəqəsi arasında 18 il bundan qabaq, yəni 2007-ci ildə basdırılmış iri şam ağacları səbəbindən görünmür) və firma ilə hər hansı əlaqəsinin olmaması müəyyən edilmişdir. Bundan sonra onun barəsində İXM-nin 192.1-ci maddəsi ilə icraat başlanılmışdır. İcraat zamanı əmək müfəttişliyində bir direktor, barəsində icraat aparılan şəxs, işəgötürən kimi onun ümumiyyətlə izahatı alınmamışdır. Halbuki, qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(062)-269/2025 saylı qərardadı ilə Tovuz Rayon Prokurorluğunun qərarı ləğv edilərək geri qaytarılmışdır. Bir gün sonra isə Müfəttişlik nə onun, nə də işçi X9 izahatını almadan 24 aprel 2025-ci il tarixdə hazırki qərarı qəbul etmişdir. Göründüyü kimi əmək müfəttişliyi heç bir müstəqil araşdırma aparmadan prokurorluğun məhkəmə qaydasında geri qaytarılmış təqdimatı əsasında tələsik hazırki qərarı qəbul etmişdir. Hansı ki, Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti haqqında əsasnaməyə görə xidmətin müstəqil, geniş diskresion araşdırma səlahiyyəti vardır. Həmin əsasnaməyə görə əmək müfəttişliyi prokurorluğun təqdimatı ilə kifayətlənməməli, öz səlahiyyətləri daxilində işçinin və direktorun izahatını almalı, müstəqil kənar təsirdən ayrı araşdırma aparmalı idi. Çünki, Müfəttişlik bu sahədə müstəsna səlahiyyətlərə malik olan qurumdur. Yəni, prokurorluq orqanının göndərdiyi təqdimat o demək deyil ki, heç bir araşdırma aparmadan birmənalı olaraq təmin edilməlidir. Üstəlik prokurorluğun həmin hal üzrə hüquqi şəxs barədə göndərdiyi təqdimat Tovuz Rayon Məhkəməsi tərəfindən geri qaytarılmışdır. Bundan başqa izahatları prokurorluq tərəfindən alınmış X23 və X9 verdikləri izahatlar həqiqəti əks etdirmir. Belə ki, izahatlardan görünür ki, guya onlar yanan şəxs X1 göstərmişlər və hadisə yanacaqdoldurma məntəqəsində baş vermişdir. Halbuki, ümumiyyətlə belə bir hal baş verməmiş, hadisə məntəqədən tamamilə kənar ərazidə baş vermiş, yanan şəxsə X23 və X19 tərəfindən hər hansı köməklik göstərilməmişdir. Bunları həmin şəxslər bir daha təsdiq edə bilərlər. X19 onun işçisi olmuş və qanunamüvafiq qaydada dövlət sosial sığorta ödənişləri həyata keçirilmişdir. Həmin şəxs səhhəti, fiziki problemləri və sosial yardım ala bilməsi üçün öz xahişi ilə işdən çıxmış, daha sonra yenidən işə düzəlmək üçün xahiş etmiş və bildirmişdir ki, əgər o, əmək müqaviləsi ilə işə götürülsə aldığı sosial yardımın verilməsi dayandırılacaqdır. Eyni halların təkrarlanmaması (səhhəti, hər dəfə işə götür-işdən çıxarılma halları və s.) üçün müvəqqəti olaraq, eyni zamanda işləmək iqtidarında olubolmamasının müəyyən edilməsi, bu mənada özünü doğrultması və ən əsası öz xahişi ilə aldığı sosial yardımın kəsilməməsi məqsədi ilə onunla operator deyil, operator köməkçisi kimi (operator X4 etmək məqsədi ilə) xidməti müqavilə bağlanmış və dövlət sosial sığorta haqqları ödənilmiş və hər hansı şəkildə vergidən yayınmaya yol verilən hallar aşkar olunmamışdır. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X17 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, işçiyə ayrılmış sosla yardım kəsilməsin deyə onunla əmək müqaviləsi bağlamamışdır. Həm də hesab etmişdir ki, onunla xidməti müqavilə bağladığından hesab etmişdir ki, əmək müqaviləsinə ehtiyac yoxdur.Odur ki, X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X8 müdafiəçisi Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X11məhkəmə iclasında göstərdi ki, "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X17 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildiriş əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən özünə məxsus yanacaqdoldurma məntəqəsində işçiləri işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edərək inzibati xəta törətmişdir. Bundan sonra X17 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 24 aprel 2025-ci il tarixli qərarla 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini və X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarının qanuni hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tovuz rayon Prokurorluğunun etibarnamə üzrə nümayəndəsi İİ dərəcəli hüquqşünas X10 şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyərək və və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X3 Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır (Əmək Məcəlləsinin 44-cü maddəsi). Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin maddənin 2-ci bəndinə görə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. İş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X17 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2025-ci il tarixdən xidməti müqavilə əsasında X2 operator köməkçisi kimi işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İşin bu halı işdə olan sənədlər ilə təsdiqin tapmışdır. "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X17 bu halı belə şərh etmişdir ki, əgər o işçi ilə əmək müqaviləsi bağlasa idi, o zaman həmin işçiyə ayrılmış sosial yardım dayana bilərdi. Göründüyü kimi X17 bununla da inzibati xəta hadisəsinin baş verməsini qəbul etmiş, bunu mərhəmətlilik niyyəti ilə etdiyini qeyd etmişdir. Xidməti müqavilə ilə bağlı da məhkəmə onu qeyd edir ki, bu müqavilə heç bir halda əmək müqaviləsini əvəz etməyərək, işçi ilə işə götürən arasındakı mülki hüquq və vəzifələri müəyyənləşdirir. Əmək müqaviləsi isə işəgötürənlə işçi arasında fərdi qaydada Əmək Məcəlləsi ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 192.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X8 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində təsbit edilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxs X8 törətdiyi inzibati xətanı nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında vəzifəli şəxslərin üç min manatdan beş min manatadək məbləğdə cərimə oluna bilməsi təsbit edilsə də, xəta törətmiş şəxsi minimum həddə cərimə etmişdir. Cərimənin məbləği məhkəmə tərəfindən inzibati xətanın xarakterinə, təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun ədalətli inzibati tənbeh növü kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X17 tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X17 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-332/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-332/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver