Məhkəmə qərarları › İş №3(062)-339/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-339/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-339/2023 20.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 06 avqust 1992-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Kürdəmir Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli icra vərəqəsinə əsasən 11 sentyabr 2021-ci ildə anadan olmuş Adəm adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat alimentin ondan alınaraq X3 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli icra vərəqəsinə əsasən 11 sentyabr 2021-ci ildə anadan olmuş Adəm adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat alimentin Şəxs alınaraq X3 verilməsi qət olunmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Hər ay alimenti ödəməsinə baxmayaraq əvvəldən yığılıb qalmış 600 manat borcunu ödəmir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin qərarına əsasən ondan uşağının saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat alimentin alınaraq Güllər Şamayevaya verilməsi qət olunmuşdur. Mütəmadi olaraq hər ay alimenti ödəyir. Yığılmış borc əvvəlki vaxtlardan yığılıb qalmış borc olmuşdur və 400 manat təşkil edir. Belə ki, həmin vaxt maddi imkanı olmadığı üçün alimenti ödəyə bilmədiyi üçün borc yığılmışdır. Sonuncu dəfə 20 aprel 2023-cü il tarixdə barəsində protokol tərtib olunmamışdan öncə aliment borcundan ödəniş etmişdir. Bundan sonra hər ay alimenti ödəməklə yanaşı yığılmış borcundan da ödəniş edəcəkdir. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə edilmiş ödənişlərə dair qəbzlərin surətindən görünür ki, Şəxs əvvəlki aylarla yanaşı 18 mart 2023-cü il tarixdə 300 manat, 11 aprel 2023-cü il tarixdə 10 manat, 13 aprel 2023-cü il tarixdə 20 manat və 20 aprel 2023-cü il tarixdə 45 manat terminal vasitəsilə X1 adına ödəmələr etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu hər ay mütəmadi olaraq aliment borcundan ödənişlər də etmişdir. Mütəmadi olaraq borcundan ödəmələr edir. Şəxs barəsində inzbati xəta haqqında protokola baxılan günə kimi 2023-cü ilin aprel ayı ərzində artıq 75 manat ödəmiş, bunun da 45 manatı məhz 20 aprel 2023-cü il tarixə aiddir. Buradan da görünür ki, Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar