Məhkəmə qərarları › İş №3(062)-348/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-348/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-348/2024 08.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1956-cı il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, İİ qrup əlil olan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində sürücülük hüququ əsasında özünə məxsus “Kia Sorento” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Tovuz rayonu Alakol kəndi ərazisində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində sürücülük hüququ əsasında özünə məxsus “Kia Sorento” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Tovuz rayonu Alakol kəndi ərazisində idarə edərkən bir anlıq özünü pis hiss edib idarəetməni itirmiş və qarşı hərəkət zolağında hərəkətdə olan “Mercedes 208D” mikroavtobus markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində o, digər sürücü adını sonradan bildiyi X3 və həmin mikroavtobusda olan sərnişinlər xəsarət almış, həmçinin avtomobillərə maddi ziyan dəymişdir. Hazırda əməlindən peşmandır və İİ qrup əlildir. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində sürücülük hüququ əsasında, etibarnamə ilə idarə etdiyi “Mercedes 208D” mikroavtobus markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Tovuz rayonu Alakol kəndi ərazisində idarə edərkən anidən öz hərəkət zolağında hərəkətdə olan “Kia Sorento” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun hərəkət zolağına çıxmış, ara məsafəsi az qaldığından o, hadisənin qarşısını ala bilməmiş və avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o, digər sürücü adını sonradan bildiyi Şəxs və onun idarə etdiyi nəqliyyat vasitəsində olan sərnişinlər xəsarət almışdır. Həmçinin, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi “Mercedes 208D” mikroavtobus markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 9000 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 327.2 və 327.8ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan: Cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati tənbeh görülməsi üçün qərarın surətinin Tovuz RPŞ-nin X6 bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 231 nömrəli rəyindən görünür ki, X1 bədən səthində aşağıdakı xəsarətlər vardır: sağ baldır nahiyəsinin sağ aşağı ətrafında hərəkət məhdudluğu yaradan qançır-şişkinliyi halında əzniyi küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2024-cü il tarixli 37 nömrəli arayışdan görünür ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Mercedes 208D” mikroavtobus markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 9000 manat məbləğində maddi ziyan dəymişdir. «AZEMİS» elektron məhkəmə sisteminə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs İİ qrup əlil olmaqla 363,87 manat pensiya alır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materialları ilə müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində sürücülük hüququ əsasında özünə məxsus “Kia Sorento” minik markalı, ** DL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Tovuz rayonu Alakol kəndi ərazisində idarə edərkən bir anlıq özünü pis hiss edib idarəetməni itirmiş və qarşı hərəkət zolağında hərəkətdə olan “Mercedes 208D” mikroavtobus markalı ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində Şəxs, digər sürücü X3 və həmin mikroavtobusda olan sərnişinlər xəsarət almış, həmçinin avtomobillərə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlindən səmimi peşman olmasını və İİ qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar