Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-351/2023 24.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X1 qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 01400/3542 saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X1 qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 01400/3542 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və onun barəsində olan cərimənin miqdarının qanunvericiliyə uyğun azaldılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X2 onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək 10000 manat məbləğdə cərimə edilmiş, həmçinin xarici iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi qeyd olunmuş 407662 ABŞ dolları məbləğində gəlirin müvəkkil olunmuş bank hesabına köçürülməsi qərara alınmışdır. Hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Çünki qəbul olunan qərar İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə ziddir. Ona görə də məhkəməyə müraciət etmişdir. Barəsində qərar qəbul edilmiş və qərarından şikayət verilmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 01400/3542 saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483- cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan 20000 manat məbləğində valyutanın dəyərinin 50 faizi miqdarında yəni 10000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar cərimə hissəsində dəyişdirilməlidir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. İş materialları araşdırılan zaman müəyyən edilir ki, Aida Quliyevaya cərimə yazılmasına əsas İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi olmuşdur. Məhkəmə həmin normanın nəzərdən keçirilməsini zəruri hesab edir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində qeyd olunmuşdur ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İşin faktik hallarından aydın olur ki, X5 2021-ci il ərzində 22 yük gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 407662,00 ABŞ dolları (693025,40 manat) pul məbləğini müvəkkil olunmuş bank hesabına köçürülməsini təmin etməmişdir. Bununla da onun tərəfindən yuxarıda göstərilən normada qeyd olunan inzibati xəta törədilmişdir. Belə ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, X5 tərəfindən inzibati xəta törədilmiş olsa belə onun barəsindən tətbiq edilmiş cərimənin məbləği İnzibati Xətalar Məcəlləsinin tələbləri ilə uzlaşmır. İşin bu anında məhkəmə diqqətin İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə yönəldilməsini zəruri hesab edir. Həmin normada təsbit edilmişdir ki, manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Göründüyü kimi qanunverici özündə fiziki şəxslərə münasibətdə cərimənin məbləğinin beş min manatdan artıq ola bilməməsini təsbit etmişdir. Halbuki, X5 gömrük orqanı tərəfindən 10000 manat məbləğdə cərimə edilmişdir ki, bu da İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinin tələblərinə uyğun olmamışdır. Həmçinin iş materiallarından X3 vəzifəli şəxs olması (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs olması) təsdiqin tapmır. İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.2-ci maddələri). Məhkəmə vurğulayır ki, inzibati xəta törətmiş şəxslər barəsində Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla inzibati tənbehin tətbiq edilməsi qanunçuluq prinsipindən qaynaqlanır. Çünki ədalət mühakiməsinin əsas prinsipləri sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Təsadüfi deyildir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X bəndində təsbit edilmişdir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın bu tələbinin yerinə yetirilməsi, öz növbəsində, dövlət orqanlarının hərəkətlərinin proqnozlaşdırıla bilən olmasına və onlara məhdudiyyətsiz mülahizə üçün imkan yaratmamasına zəmanət verməklə hər kəsin hüquq və azadlıqlarının mühüm təminatı kimi çıxış edir. Sadalanan xüsusatları sistemli təhlil edən, habelə İnzibati Xətalar Məcəlləsinin inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarını rəhbər tutan məhkəmə hesab edir ki, X4 təqsirli bilindiyi İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 10000 manat cərimənin tətbiq edilməsi adıçəkilən Məcəllənin tələblərinə uyğun olmamaqla qanunçuluq prinsipinə zidd olmuşdur. Bu hal isə qərarın dəyişdirilməsinə əsas verir. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar cərimə hissəsində dəyişdirilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul oluna bilər. Həmin Məcəllənin 135.1.1 və 135.1.2-ci maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X1 qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 01400/3542 saylı inzibati tənbeh vermə haqqında qərar cəriməyə aid hissədə dəyişdirilsin. Cərimənin məbləği 5000 manat həddində müəyyən edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-351/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-351/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver