Məhkəmə qərarları › İş №3(062)-359/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-359/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-359/2025 10.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ27169181 saylı qərardan barəsində tənbeh tətbiq edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi Mərkəzi informasiya Sistemi tərəfindən onun barəsində qəbul olunmuş «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli, EQ27169181 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Luxoil Company MMC -yə məxsus ** AC *** dövlət qeydiyyat nişanlı MAN TGX 18.440 yük markalı avtomobili idarə edir. Daxili İşlər Nazirliyinin BDYP-nin mərkəzi informasiya sistemi tərəfindən qəbul edilən xx.xx.2025ci il tarixli EQ27169181 saylı inzibati xəta haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 600 manat məbləğində cərimə edilmişdir. Halbuki, yükləmədən sonra hərəkətdə olan zaman yükün çəkisi maşınla birlikdə normadan artıq olmamışdır. Yükün çəkisi 24,57 ton olsa belə, haqsız yerə cərimə edilmişdir. Odur ki, hazırki şikayət ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, Qazax rayonunda iki tərəzidən, Ağstafa rayonunda bir tərəzidən və Ucar rayonunda bir tərəzidən keçməyinə baxmayaraq, Qaradağ rayonunda tərəzi guya artıq yük qeydə almışdır. Necə ola bilər ki, əvvəlki tərəzilər onun daşıdığı yükün normadan artıq olmamasına görə hər hansı xəta aşkar etməmiş, lakin Qaradağ rayonunda olan tərəzi yükün artıq olmasını müəyyən etmişdir. Hesab edir ki, inzibati xəta haqqında başlanmış icraata xitam verilməlidir, çünki əməldə inzibati xəta tərkibi mövcud deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli, EQ27169181 saylı qərarının surətindən müəyyən olunur ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 600 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. "X4 Zavodu" MMC tərəfindən verilmiş S427615 nömrəli, xx.xx.2025-ci il tarixli qaimədən müəyyən olunur ki, sürücü Vüqar Həsənovun idarə etdiyi ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 17.45-də zavodu tərk edərkən yükün çəkisi 24,56 ton olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün inzibati orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, X2 tərəfindən xx.xx.2025-ci il tarixdə idarə etdiyi “MAN TGX18440” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixdə saat 17.45-də zavodu tərk edərkən yükün çəkisinin 24,56 ton, avtomobilin boş çəkisi 15,52 ton, avtomobilin dolu çəkisinin 40,08 ton olması və Qazax rayonundan Bakı şəhərinədək yolda olan olan digər elektron tərəzilər vasitəsilə ölçmə zamanı artıq çəki aşkar edilməməsi halları ilə həmin avtomobilin Qaradağ rayonu Səngəçal qəsəbəsində elektron tərəzi vasitəsilə ölçülən çəkisinin 42550 kq təşkil etməsi halının ziddiyyət təşkil etməsi nəzərə alınmaqla, qeyd olunan halların əlavə araşdırılması zəruri olduğundan, hazırkı halda işin hallarını müəyyən edən materiallar natamam olmaqla, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün olmadığından, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (İnzibati Xətalar Məcəlləsinin 5.1 və 5.2-ci maddələri). İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (İnzibati Xətalar Məcəlləsinin 12.1ci maddəsi). İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin pozulması ilə aparılmışdır. Yəni işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Məhkəmə hesab edir ki, mövcud durumda mübahisələndirilən qərarın ləğv edilməsi və törədilmiş inzibati xətanın yenidən araşdırılması üçün həmin orqana qaytarılması qanuni olar. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 130, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli, EQ27169181 saylı qərarı ləğv edilsin və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Tovuz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar