Məhkəmə qərarları › İş №3(062)-362/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-362/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-362/2023 11.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, 11000- 02567/23 saylı protokol tərtib olunaraq baxılması üçün xx.xx.2023-cü il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, 11000-02567/23 saylı protokoldan görünür ki, Tovuz rayon, Qaraxanlı kəndində qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC barəsində daxil olmuş xx.xx.2023-cü İl tarixli, 34/019/003375 saylı materialın araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına Türkiyə Cumhuriyyəti, Limonluk mah., X2 cad. ünvanında qeydiyyatda olan “X1 Tar. Ürün İlh. ve İHR LTD” ŞTİ tərəfindən idxal olunmuş “gübrə” yükü 02.12.202-ci il tarixli, **********8116 saylı və xx.xx.2022-ci il tarixli, **********0765 saylı bəyannamələri ilə 120 gün müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq bu günə kimi Şəxs MMC tərəfindən idxal olunan yükün rəsmiləşdirilməsi və ya başqa bir gömrük porosedurunda yerləşdirilməsi barədə Qərb Ərazi Baş Gömrük İdarəsinə müraciət olunmamışdır. Bununla da müvəqqəti saxlanc müddətinin tələblərinə əməl olunmamışdır. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqda protokol tərtib edilmiş Şəxs MMC-nə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Tovuz” gömrük postunun rəisi tərəfindən Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Tovuz rayon, Qaraxanlı kəndində qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC barəsində daxil olmuş xx.xx.2023-cü İl tarixli, 34/019/003375 saylı materialın araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMCnin ünvanına Türkiyə Cumhuriyyəti, Limonluk mah., X2 cad. ünvanında qeydiyyatda olan “X1 Tar. Ürün İlh. ve İHR LTD” ŞTİ tərəfindən idxal olunmuş “gübrə” yükü 02.12.202-ci il tarixli, **********8116 saylı və xx.xx.2022-ci il tarixli, **********0765 saylı bəyannamələri ilə 120 gün müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq bu günə kimi Şəxs MMC tərəfindən idxal olunan yükün rəsmiləşdirilməsi və ya başqa bir gömrük porosedurunda yerləşdirilməsi barədə Qərb Ərazi Baş Gömrük İdarəsinə müraciət olunmamışdır. Məhkəmə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tərtib edilmiş protokolu iş materialları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, Şəxs MMC qeyd olunan maddə üzrə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 22.2-ci maddəsində təsbit edilmişdir ki, hüquqi şəxslər barəsində xəbərdarlıq, inzibati cərimə və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC tərəfindən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddətinin tələbləri pozulmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179-cu maddəsinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.1-ci maddəsində göstərilmişdir ki, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. Həmin Məcəllənin 179.2 və 179.3-cü maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.2 və 3.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. (İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.3-cü maddələri). Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar