Məhkəmə qərarları › İş №3(062)-363/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-363/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-363/2025 19.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13 katibliyi, protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1984-cı il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİNxxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X6 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə qayda pozuntusuna görə onu saxlayan DYP əməkdaşlarının onun barəsində inzibati xəta haqqında protokol tərtib etməsinə etiraz olaraq onları öz mobil telefonu ilə qeydə almağa başlamış, sonra hərəkətin intensiv olduğu yolda digər hərəkət iştirakçılarının qarşısını kəsərək onların hərəkətinə mane olmuş, onu intizama dəvət edən DYP əməkdaşlarının tələblərinə məhələ qoymayaraq hərəkətlərinə davam etmiş, daha sonra ucadan hədələyici və nalayiq ifadələr işlədərək avtomobilini yolun kənarında sahibsiz qoyub oradan uzaqlaşmış, beləliklə xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Odur ki, barəsində qanuna uyğun qaydada inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs bildirmişdir ki, yaşadığı Əyyublu kəndindən təsərrüfatı üçün bitki dərmanları almağa gedərkən Tovuz rayon Aşağı Quşçu kəndində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsindən bir qədər aralı məsafədə yol polisləri dayanmışdır. Onları görüb qaydalara riayət edərək, sivil formada yanlarından keçərkən polislər saxla əmri verərək onu dayandırmışlar. O, sənədləri təqdim edərək düz olduğunu və “icazə verin çıxıb gedim” deyə bildirmişdir. 11.04 döş nişanı olan polis isə cərimə yazacağını demişdir. Bu zaman polis əməkdaşından cərimənin səbəbini izah etməyini və şəxsi mobil telefonu ilə səsyazmaya qeyd etdiyini bildirmişdir. Daha sonra saxlanıldığı yerin post olmadığını, onların qanunsuz şəkildə insaları incitdiklərini bildirərək şəxsi telefonu ilə çəkməyə davam etmişdir. Bu zaman 11.04 döş nişanı olan yol polislərindən biri yaxınlaşaraq telefonunu əlindən almış, öz üzərində olan kameranı söndürərək onu yoldan çıxarıb itələyə-itələyə sürükləmiş və boş böyründən yumruq vurmuşdur. Bundan sonra o qışqıraraq ətrafdan kömək istəmiş, yol polisləri başqa maşınların sürücüləri öz əməllərini görməsinlər deyə onu buraxmışlar. O ərazidən keçən maşınların qabağına qaçıb kömək istəmişdir. Ancaq polislərdən biri ona köməklik etmək istəyən sürücələrə problem yaradacaqlarını demişdir. Polislərin bu rəftarından sonra heç kim ona kömək etməmişdir. Daha sonra o başqa kömək istəmək üçün yanacaqdoldurma məntəqəsinə tərəf getmiş və telefonunu onlardan tələb etmişdir. Onlar isə öz şəxsi telefonları ilə çəkiliş edərək “tabe ol” kimi cümlələr qurmuşlar. Daha sonra tanımadığı bir şəxsin nömrəsi ilə qardaşına zəng etmiş və “102” xidmətinə zəng vurmasını istəmişdir. X1 onun yanına gəldikdən sonra özü “102” xidmətinə zəng vurmuşdur. Biraz gözlədikdən sonra heç kimin gəlmədiyini görüb polis şöbəsinə getmiş və orada vəziyyəti bildirmişdir. Ona protokol təqdim edərək imzalamağını istəmişlər, protokolu oxuduqda görmüşdür ki, “xəsarətim yoxdur” cümləsi yazılıb. Həmin an polisə bildirmişdir ki, sağ boş böyründə ağrı var. Həkimə getmək isdəyini desə də, polis əməkdaşı imza çəkməsə protokolda çəkmək istəmədi deyə yazacaqlarını bildirmişdir. DYP əməkdaşlarının etdiyi hərəkətləri qanunsuz olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində ki, BDYPİ-nin YPXAnın 9-cu taqımının inspektoru vəzifəsində çalışır. Bakı-Qazax yolunun 434-cü km-də ekipaj yoldaşı Camalzadə Asim ilə birlikdə “VOLVO” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət aparan zaman “FORD TRANSİT” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsi çat oldğu üçün tərəfindən saxla işrarəsi verilmişdir. Sürücüyə yaxınalaşaraq özünü təqdim etdikdən sonra sürücü yol hərəkəti qaydaları əsasında qayda pozuntusunu izah edib İXM-nin 342.5-ci maddəsinə əsasən protokol tərtib olunmasını bildirmişdir. Adını sonradan bildiyi Şəxs onların xidməti fəaliyyətinə maneə törədərək polisin qəsdən qanuni tələblərinə riayət etməyərək maşından düşüb başqa hərəkət iştirakçılarının qarşısında duraraq yolu kəsməyə cəhd göstərmişdir. Sürücünü dəfələrlə nizam-intizama dəvət etsələr də sürücü öz hərəkətlərini davam etdirərək səs-küy salaraq polisin qanuni tələblərinə əməl etməmişdir. Sürücüyə onu Tovuz RPŞ-yə dəvət edəcəyimizi bildirsək də süerücü həmin yerdən qaçaraq uzaqlaşmağa başlamışdır. Həmin avtomobili evakuator vasitəsilə Tovuz RPŞ-nin müvəqqəti duracağına yerləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin YPXA-nın 9-cu taqımının inspektoru X2 Elxan Oktay oğlu ilə eyniməzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş üzərində “Ahuang cd-r 52x” yazıları olan 01 ədəd diskdə olan “WhatsappVideo 2025-05-19 at 12.09.57” adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, avtomobildə əyləşən Şəxs yaxınlaşan yol patrul xidməti əməkdaşı sənədlərinin qaydasında olub-olmadığını soruşduqdan sonra sürücüyə avtomobilin alın şüşəsinin sınıq olduğu üçün inzibati məsuliyyətə cəlb ediləcəyini bildirir. Bundan sonra sürücü mobil telefonunu çıxararaq çəkliş apardığını bildirib polis əməkdaşına müxtəlif məzmunlu suallar ünvanlayır. Polis əməkdaşı sualları cavablandırdıqdan sonra sürücü qərardan şikayət edəcəyini bildirir və polis əməkdaşı ilə mübahisə etməyə başlayır. Həmin polis əməkdaşı xidməti avtomobilə tərəf getdikdən sonra digər əməkdaş sürücüyə yaxınlaşıb söhbət aparır. Bir qədər sonra sürücü inzibati məsuliyyətə cəlb olunduğunu dəqiqşləşdirdikdən sonra yolun hərəkət hissəsində var-gəl edərək videoçəkliş aparmağa başlayır. Həmin diskdə olan “WhatsappVideo 2025-05-19 at 12.11.11” adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, Şəxs hərəkətin intensiv olduğu yolda digər hərəkət iştirakçılarının qarşısını kəsərək onların hərəkətinə mane olur, onu intizama dəvət edən DYP əməkdaşlarının tələblərinə məhələ qoymayaraq hərəkətlərinə davam edir, səs-küy salır, polis əməkdaşlarını hədələyir və sonra piyada hadisə yerindən uzaqlaşır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəxs səbəbsiz yerə provokativ hərəkətlər edərək polis əməkdaşlarını münaqişəyə cəlb etmək səylərini, hərəkətin intensiv olduğu avtomobil yolunda digər hərəkət iştirakçılarına maneə yaratmasını, səs-küy salmasını, xidmət aparan polis əməkdaşları barədə mənfi rəy formalaşdırmağa cəhd etməsini, polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmasını, hərəkətlərinə son qoyması ilə bağlı polisin qanuni tələblərinə tabe olmayaraq hərəkətlərinə davam etməsini onun əməlini səciyyələndirən hallar kimi qiymətləndirir və hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü bir uşağı olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli 19 may 2025-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərаrın icrаsı Tovuz rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar