Məhkəmə qərarları › İş №3(062)-364/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-364/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-364/2023 11.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, 00100- 00912/23 saylı protokol tərtib olunaraq baxılması üçün xx.xx.2023-cü il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, 00100-00912/23 saylı protokoldan görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC-nin ünvanına İtaliyadan AO6800EX/AO1852XT nömrə nişanlı yük nəqliyyat vasitəsində gəlmiş yükünə dair idxalatçı tərəfindən mövcud qanunvericiliyə əsasən qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda qeyd olunan yük gömrük postundan ölkə ərazisinə gətirilərkən, gömrük orqanına qısa idxal bəyannaməsi təqdim edilməmiş, bununla da adı çəkilən hüquqi şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqda protokol tərtib edilmiş "xxxx" MMC-yə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Gömrük prosedurları və ödənişləri” şöbəsinin rəisi tərəfindən Baş Gömrük İdarəsinin rəis müavininə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC-nin ünvanına AO6800EX/AO1852XT nömrə nişanlı yük nəqliyyat vasitəsində gəlmiş yükünə dair idxalatçı tərəfindən mövcud qanunvericiliyə əsasən qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda qeyd olunan yük gömrük postundan ölkə ərazisinə gətirilərkən, gömrük orqanına qısa idxal bəyannaməsi təqdim edilməmiş, bununla da adı çəkilən hüquqi şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş protokolu iş materialları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, "xxxx" MMC qeyd olunan maddə üzrə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 22.2-ci maddəsində təsbit edilmişdir ki, hüquqi şəxslər barəsində xəbərdarlıq, inzibati cərimə və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin ünvanına AO6800EX/AO1852XT nömrə nişanlı yük nəqliyyat vasitəsində gəlmiş yükünə dair idxalatçı tərəfindən mövcud qanunvericiliyə əsasən qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda qeyd olunan yük gömrük postundan ölkə ərazisinə gətirilərkən, gömrük orqanına qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələbləri pozulmuşdur. Qısa idxal bəyannaməsini təqdim etmək öhdəliyindən bəhs edən Azərbaycan Respublikası Gömrük Məcəlləsininn 113.1-ci maddəsində təsbit edilmişdir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. (İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.3-cü maddələri). Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar