Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-367/2025 20.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Tovuz rayonu, Əlibəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon icra və probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin Məhkəməsinin 2(104)-148/2023 saylı, xx.xx.2024cü il tarixli icra icra etməmişdir. Məhkəmə iclasında Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-148/2023 saylı icra sənədinə əsasən X3 mülkiyyətinə verilmiş Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən torpaq sahəsinin 110 kv.metr hissəsində cavabdeh Şəxs tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh Şəxs tikinti materialları ilə birlikdə torpaq sahəsindən çıxarılması, Şəxs 100 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə qanuna müvafiq olaraq xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış və zəruri icra tədbirləri həyata keçirilmişdir. Şəxs məhkəmənin qətnaməsini icra etmədiyi üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-425/2024 nömrəli qərarı ilə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 8 gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra borclu tərəfindən evin 55 m2 hissəsi sökülsə də qalan hissə indiyədək sökülməmişdir. Bununla da Şəxs həmin inzibati xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, X4 Tovuz Rayon İcra Hakimiyyətinin 23 dekabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində 999,08 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. O, bu torpaq sahəsini Natiq Qasımovdan almış və 1998-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Hal-hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. X3 isə həmin torpaq sahəsinə bitişik torpaq sahəsi var. Tikilmiş fərdi yaşayış evinin 55 kv.m hissəsi qarşı tərəfə məxsus torpaq sahəsində inşa olunduğuna görə, məhkəmənin qətnaməsi ilə həmin hissə sökülmüşdür. Qətnamə icra olunduğu zaman cavabdeh əlavə olaraq fərdi yaşayış evinin 55 kv.m-lik başqa bir hissəsinin də sökülməsini tələb etmişdir. İcra zamanı mütəxəssis həm ona, həm də cavabdeh tərəfə bildirmişdir ki, yalnız sökülmüş tikilinin hissəsi cavabdehə məxsus torpaq sahəsində yerləşir. Zakir Məmmədovun əlavə sökülməsini istədiyi tikili isə ona məxsus torpaq sahəsində deyildir. Torpaq sahələrinin ara sərhəddi naturadan ölçülmədiyi üçün tələbkar onun istifadəsində olmayan torpaq sahəsində inşa olunmuş tikilinin sökülməsini tələb edir. Bu səbəbdən, istifadə etdiyi torpaq sahəsi ilə tələbkara məxsus torpaq sahəsi arasında ara sərhəddin naturadan müəyyən olunması üçün Tovuz Rayon Məhkəməsində iddia qaldırmışdır. Zakir Məmmədova məxsus torpaq sahəsində inşa edilmiş tikilini qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tam şəkildə sökmüş, həmin torpaq sahəsindən çıxmış və tikiliyə aid inşaat materiallarını da oradan götürmüşdür. Əgər ara sərhəd naturada müəyyənləşdirilsə, aralarında olan torpaq mübahisəsi də sona çatar. Mübahisənin obyektiv həlli üçün torpaqşünaslıq ekspertizasının təyin olunması zəruri sayılır və belə bir ekspert rəyindən sonra dəqiq ara sərhəd müəyyən oluna bilər. Cavabdehin sökmək istədiyi tikili isə onun istifadə etdiyi torpaq sahəsinin plan və ölçüdə göstərilən sərhədləri daxilində inşa olunmuşdur. Torpaq sahələrinin ümumi sərhədləri olduğuna və cavabdeh tərəf bu sərhədlər çərçivəsində ara sərhədi naturada müəyyən etmədiyinə görə, mübahisəli tikilinin öz torpaq sahəsində inşa olunduğunu iddia edir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində göstərilən torpaq sahəsində yerləşən tikilini sökmüş və həmin torpaq sahəsini tam şəkildə tərk etmişdir. İstifadə etdiyi torpaq sahəsi ilə tələbkara məxsus torpaq sahəsi arasında ara sərhəddin naturadan müəyyən olunması üçün Tovuz Rayon Məhkəməsinə verdiyi iddia ərizəsinin və həmin iddia ərizəsinin geri qaytarılması ilə bağlı məhkəmənin 2(062)-1845/2025 nömrəli qərardadından verdiyi şikayət ərizəsinin surətini məhkəməyə təqdim edir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-148/2023 saylı icra sənədinə əsasən X3 mülkiyyətinə verilmiş Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən torpaq sahəsinin 110 kv.metr hissəsində cavabdeh Şəxs tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh Şəxs tikinti materialları ilə birlikdə torpaq sahəsindən çıxarılması, Şəxs 100 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Şəxs Tovuz Rayonu Yuxarı Öyzüzlü kəndində yerləşən xx.xx.2011 ci il tarixdə X9 kitabında qeydə alınmış, Tovuz Rayon AİK-nin 23 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə verilmiş 999,08 kv.m həyətyanı torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin ara sərhəddinin naturada müəyyən olunmasına və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin sökülməsinin qadağan olunmasına dair iddia ərizəsi, həmin iddia ərizəsinin geri qaytarılması haqqında Tovuz Rayon Məhkəmənin 2(062)-1845/2025 nömrəli qərardadından verilmiş apellyasiya şikayətinin surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə bu xətanın təkrar törədilməsi məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli, 2(104)-148/2023 saylı icra sənədinin icrasına yönələn hərəkətlər edilmiş, tikilinin bir hissəsi faktiki olaraq sökülmüşdür. Şəxs qalan hissənin sökülməməsinə səbəb kimi həmin hissənin tələbkarın deyil, onun mülkiyyətində olan ərazidə yerləşdiyini göstərmiş, icra sənədinə əsasən məhz X3 mülkiyyətində olan torpaq sahəsində yerləşən tikilinin sökülməli olduğunu bildirmişdir. İşin hallarına əsasən torpaq sahələrinin sərhədi ilə bağlı hazırda tərəflər arasında mübahisə vardır və Şəxs tərəfindən bu mübahisənin həlli ilə bağlı verilmiş iddia ərizəsi ilə bağlı Tovuz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardaddan apellyasiya şikayəti verilmiş və həmin şikayət üzrə apellyasiya instansiya məhkəməsinin mövqeyi hələ bildirilməmişdir. Bundan başqa inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən Şəxs icra üçün yeni müddət təyin edilməsini müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Halbuki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-nin 528-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-367/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-367/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver