Məhkəmə qərarları › İş №3(062)-372/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-372/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-372/2024 13.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1956-cı il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Naigin K "xxxx" MMC-nin direktoru, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında aзıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Əliyev X2 Kommersiya Məhkəməsinin xx.xx.2017ci il tarixli 2-2(83)-335 saylı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2- 2(083)-312 saylı, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(104)-02 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 10-2(102)-11 saylı icra sənədləri üzrə yaranmış borcunu ödəməkdən boyun qaçırır. Bununla da Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 bildirdi ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(83)-335/2017 saylı icra sənədinə əsasən, borclu Naigin K "xxxx" MMC-dən cəmi 53841,198 avro məbləğində vəsaitin icra edildiyi günə olan manata məzənnə nisbəti ilə alınıb “Softvind Trading LTD” şirkətinin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-312/2019 saylı icra sənədinə əsasən, borclu Naigin K "xxxx" MMC-dən 2000 ABŞ dolları məbləğində vəsaitin icra edildiyi günə olan manata məzənnə nisbəti ilə və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb “X3 Dış TİC LTD” şirkətinin xeyrinə ödənilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2- 2(104)-02/2015 saylı icra sənədinə əsasən, borclu Naigin K "xxxx" MMC-dən 225452 manat məbləğində vəsaitin və 20 manat ödənilmiş dövlət rüsumunun alınıb “X6” MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 10-2(102)-11/2020 saylı icra sənədinə əsasən, borclu Naigin K "xxxx" MMC-dən 4610 ABŞ dolları məbləğində vəsaitin və 79,81 ABŞ dolları ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə Ukrayna Respublikası Sum vilayəti Təsərrüfat Məhkəməsinin xx.xx.2019-cu il tarixli 920/928/19 saylı qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərarla icra sənədləri üzrə icraat bir icraatda birləşdirilmişdir. İcra sənədləri üzrə borc 286320 manat təşkil edir. Göstərilənlərə əsasən borclu Naigin K "xxxx" MMC-nin direktoru Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu bildirdi ki o, hazırda direktor vəzifəsindən azad olunmaq üçün sənəd toplayır. MMC-nin olan borclarının ödənilməsi onun imkanı və səlahiyyəti xaricindədir. Borcların əksəriyyəti onun işlədiyi müddətdən əvvələ təsadüf edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(104)-02/2015 saylı icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən xx.xx.2012-ci il tarixli, AK403/2012 saylı kredit sazişi üzrə "xxxx" MMC-dən cəmi 147567,33 manat əsas borc, 21597 manat faiz borcunun, 3000 manat cərimə borcu, xx.xx.2013-cü il tarixli, H080KK13-K-361-12 saylı kredit müqaviləsi üzrə 18578,57 manat əsas borc, 629,61 manat faiz borcu olmaqla, 1000 manat məbləğində cərimə və 20 manat dövlət rüsumu alınıb, "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(083)-312/2019 saylı icra sənədindən görünür ki, "xxxx" MMC-dən 2000 ABŞ dolları məbləğində daşıma haqqı qətnamənin icra olunduğu tarixə məzənnəyə uyğun olaraq və 30 manat dövlət rüsumu alınıb, “X3 DİŞ TİCLTD” Şirkətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 10-2(102)- 11/2020 saylı icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən "xxxx" MMC-dən ”Texnologiya”ASC-nin xeyrinə 4610 ABŞ dolları borc alınmalıdır. Ali Məhkəmənin qərarına əsasən Ukraynanın Sum vilayətinin Təsərrüfat Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində tanınaraq məcburi icraya yönəldilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(83)-335/2017 saylı icra sənədinə əsasən, "xxxx" MMC-dən cəmi 53841 Avro 198 sent məbləğində vəsaitin icra edildiyi günə olan manata məzənnəsi ilə alınıb “Softvind Trading LTD” şirkətinin xeyrinə ödənilməsi qət edilmişdir. Tovuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(104)-02/2015 saylı, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(083)-312/2019 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 10-2(102)-11/2020 saylı və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(83)-335/2017 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, "xxxx" MMC-nin direktoru Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsinə dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(062)- 46/2024 saylı qərarı ləğv edilmiş və onun barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.2- ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun ifadə etdiyi mənadan belə nəticəyə gəlmək olur ki, göstərilən norma üzrə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarından müəyyən edilir ki, "xxxx" MMC-in direktoru Şəxs oğlunun ica məmurunun qanuni tələblərini yerinə yetirməməsində və icra sənədini icra etməməsində qərəzli olmasını təsdiq edən sübutlar yoxdur. Hansı ki, apellyasiya instansiyası məhkəməsi də bunu qərarında göstərmişdir. Bundan başqa icra sənədləri üzrə yaranan borc məbləğləri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsdən əvvəllər olan şirkətin öhdəliklərinə aiddir. Şəxs direktor kimi qısa zaman kəsiyində fəaliyyət göstərir. Onun fəaliyyəti dövründə isə icra məmuru tərəfindən icra sənədləri üzrə aparılmış icra tədbirlərinin nədən ibarət olması, bunun nə üçün fayda verməməsi iş materiallarından aşkar edilmir. Doğrudur ki, icra məmuru Şəxs xəbərdarlıq etmişdir. Lakin bu icra sənədləri üzrə aparılan bütün tədbirlərin əvəzləyicisi kimi çıxış edə bilməz. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs oğlunun qətnamə üzrə borcunu qərəzli olaraq ödəməkdən yayınmasını müəyyən etmək mümkün deyildir. Yuxarıda sadalanan işin faktik halları halı qərəzlilik faktını təkzib edir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar