Məhkəmə qərarları › İş №3(062)-406/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-406/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-406/2023 15.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Protokol tərtib etmiş Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, özünün deməsinə görə məhkumluğu olmayan və əlilliyi olmayan, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 334.1, 334.3, 339.1-1 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 334.1, 334.3, 339.1-1 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə“Vaz 2106” minik markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 334.1, 334.3, 339.1-1 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, protokol məhkəməyə göndərilsə də, həmin protokolda törədilmiş İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334.3-cü maddələri məhkəmənin səlahiyyətinə aiddir. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cümaddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsivə eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxsin törətdiyi İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334.3-cü maddələrində olan inzibati xətalar həmin Məcəlləyə müvafiq olaraq məhkəmənin səlahiyyətinə aiddir. Ona görə də həmin maddələrdə qeyd olunan inzibati xətalar üzrə məhkəmə tərəfindən hüquqi dəyərləndirmə aparılır. Məhkəmə iclasında Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X4 inzibati xəta haqqında protokola uyğun izahat verərək, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Tovuz rayonu Əyyublu kəndində toy məclisində spirtli işki qəbul etdikdən sonra özünə məxsus “VAZ 2106” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan yaşadığı evə gedərkən yolun sağ tərəfində dayanmış “Renault Megane” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən hərəkətə gələrək onun idarə etdiyi hərəkət zolağına çıxmış, o hadisənin qarşısını almağa çalışsa da nəticədə avtomobillərin toqquşmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə maddi ziyan dəymişdir. Hadisə ilə bağlı onu da bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, avtomobili sərxoş vəziyyətdə idarə etsə də “Renault Megane” minik markalı avtomobili idarə edən Zərərçəkmiş şəxs onun hərəkət zolağına çıxaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Hadisədən sonra Zərərçəkmiş şəxs barəsində İXM-nin 327.1 və 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və barəsində həmin maddələr ilə inzibati qərar çıxarılaraq 60 manat məbləğində cərimə olunmuşdur. Törətmiş olduğu inzibati xətadan peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, yol-nəqliyyat hadisəsi zamanı ona məxsus avtomaşına 1850 manat miqdarında maddi ziyan dəymişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində qaynı X2 məxsus “Renault Megane” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ailə üzvlərini Tovuz rayonu Əyyublu kəndində yaşadığı evə düşürmüş, sonra heç bir avtomobilin gəlmədiyini düşünərək avtomobili arxaya verərək yolun hərəkət zolağına çıxmışdır. Bu zaman sürətlə gələn “VAZ 2106” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfindən vuraraq yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə maddi ziyan dəymişdir. Hadisədən sonra “VAZ 2106” minik markalı avtomobilin sürücüsü Şəxs sərxoş olduğu müəyyən edilmişdir. Həmçinin, Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru X4 tərəfindən onun barəsində İXM-nin 327.1 və 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və 60 manat məbləğində cərimə olunmuşdur. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs sərxoş vəziyyətdə avtomobili idarə edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Onun bu inzibati xətanı törətməsi özünün etiraf edici izahatı və işin digər materialları ilə sübuta yetirilmişdir.Ona görə də o İXM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə qeyd edir ki, baxılmış işlər üzrə şəxslərin nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxslər tərəfindən sərxoş vəziyyətdə nəqliyyat vasitələrini idarə etmələri ilə bağlı hallar çoxaldığından məhkəmə Şəxs inzibati həbs növündə tənbeh verilməsini qanuni hesab edir. Belə ki, İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhkəmə Şəxs 334.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair hissədə onu qeyd edir ki, onun tərəfindən həmin maddədə qeyd edilən inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan sərxoş vəziyyətdə idarə etsə də, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Namiq Əsgərovun idarə etdiyi “Renault Megane” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan onun səhvi ucbatından olmamışdır. Yəni, avtomobilə dəymiş ziyanla Şəxs hərəkətləri arasında səbəbli əlaqə olmamışdır. Bu hal Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru Zaur Məmmədov tərəfindən X5 barəsində İXM-nin 327.1 və 327.2-ci maddəsilə inzibati protokol tərtib etməsi ilə öz təsdiqini tapır. Eyni zamanda X5 izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində qaynı X2 məxsus “Renault Megane” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ailə üzvlərini Tovuz rayonu Əyyublu kəndində yaşadığı evə düşürmüş, sonra heç bir avtomobilin gəlmədiyini düşünərək avtomobili arxaya verərək yolun hərəkət zolağına çıxmışdır. Bu zaman sürətlə gələn “VAZ 2106” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfindən vuraraq yolnəqliyyat hadisəsi törətmişdir. Yəni, o avtomobillə geriyə doğru manevr edərkən hər hansı nəqliyyat vasitəsinin hərəkətdə olmasını görməmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 41-ci bəndinə əsasənə yol vermək sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Həmin Qanunun 42-ci maddəsinin Xİİİ hissəsinə əsasasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Göründüyü kimi X5 əsas yolda hərəkətdə olan nəqliyyat vasitəsini görməli olduğu halda o geriyə manevr edərək hərəkətdə olan nəqliyyat vasitəsinə təhlükə yaratmışdır. Həmin Məcəllənin 42-ci maddəsinin İV hissəsinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, X3 Yol hərəkəti haqqında Qanunun tələblərini pozması nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. Şəxs törətdiyi inzibati xəta ilə X3 törətdiyi inzibati xəta ilə səbəbli əlaqə mövcud deyildir. Məhkəmə göstərilənləri nəzərə alaraq və məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində İXM-nin 334.3-cü maddəsinin əlamətləri olmadığından, o törətdiyi əmələ görə, yəni İXM-nin 334.1-ci maddəsi ilə tənbeh edilməlidir. Barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə iş üzrə xitam verməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, şəxsin əməlində inzibati xətalar barədə işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xətalar haqqında işlərə baxılarkən qərar (qərardad) çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində qeyd olunmuşdur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İş materialları ilə müəyyən edilir ki, Şəxs istifadəsində olan “VAZ 2106” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə saat 14 radələrində sərxoş vəziyyətdə idarə edərkən “Renault Megane” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hasdisəsi törətmişdir. İşə əlavə edilən xx.xx.2023-cü il tarixli 71 saylı ziyan aktından görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində “Renault Megane” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1850 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və həbsdə saxlama müddətinin əvvəli 15 may 2023-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 15 may 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 339.1-1 və 469.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Tovuz Rayon Polis X7 Polisi Bölməsinə göndərilsin. Qərarın icrası Tovuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar