Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-409/2024 20.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2001-ci il tarixdə Tovuz rayonu Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 332.4, 327.2 və 342.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Tovuz Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Yol-Patrul Xidməti Alayından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 332.4, 327.2 və 342.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Protokol ona görə tərtib edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində dayısı X1 məxsus “VAZ-21063” minik markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax yolunun 424-cü kilometrliyində idarə edərkən qarşıdan gələn “VAZ-2106” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərəkət zolağında manevr edərkən həmin avtomaşının qabaq tərəfindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Avtomobilə baxış zamanı avtomaşının ön hissəsində dövlət qeydiyyat nişanın olmadığı, sürücünün nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi, avtomaşının texniki baxışdan keçmədiyi və manevr etmə qaydasını pozduğu müəyyən edilmişdir. Bununla da Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 332.4, 327.2 və 342.7-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək, izahatında protokolda qeyd edilən əməlləri törətdiyini və hazırda əməlindən peşman olduğunu, bir daha eyni hərəkətlərə yol verməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı və habelə inzibati materialda olan digər sənədlərlə Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 332.4, 327.2 və 342.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə yanaşı, həmçinin 332.1, 339.1-1, 327.2 və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 332.1, 339.1-1, 327.2 və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 327.2 və 342.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 327.2 və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Yol-Patrul Xidməti Alayına göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 327.2 və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Yol-Patrul Xidməti Alayına göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-409/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-409/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver