Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-411/2024 21.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Tovuz rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz şəhəri X9 küçəsi ev 24 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Tovuz rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X4 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz şəhəri X9 küçəsində, yaşadığı evin qarşısında saxlanılaraq Tovuz RPŞ-yə gətirilmiş, baxış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda olan kütlə, təmiz çəkisi 2,61 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyi sübuta yetirilmişdir, onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Tovuz şəhəri X9 küçəsində, yaşadığı evin qarşısında saxlanılaraq Tovuz RPŞ-yə gətirilmiş, üzərində hər hansı narkotik vasitə olmamışdır. Bir neçə gün əvvəl üzərində narkotik vasitə olub, narkotik vasitədən istifadə etsə də həmin gün üzərində hər hansı narkotik vasitə aşkar edilməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olmağını nəzərə alıb, ona həbslə əlaqədar olmayan, cərimə növündə tənbeh verilməsini verilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs hüquqlarını müdafi etdən müdafiəçi X2 göstərdi ki, ümumiyyətlə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, Şəxs barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Tovuz RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsindən alınmış xx.xx.2024-cü il tarixli, 16/582 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs üzərindən aşkar edilmiş kibrit qutusunda olan kütlə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,61 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertizanın qeyd hissəsində marixuananın yəmiz çəkisi 2,61 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 2,57 kimi göstərilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs üzərindən həqiqətən də təmiz çəkisi 2,61 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. O, məhkəmə iclasında həmin kütlənin ona məxsus olmamasına dair dəlillər irəli sürsə də işin halları bunu inkar edir. Belə ki, o özü məhkəmə iclasında narkotik vasitə olan marixuanadan istifadə etdiyini, hətta saxlanılmazdan bir-neçə gün öncə də marixuanadan istifadə etdiyini bildirmişdir. Polis şöbəsində verdiyi izahatında isə əslində onun üzərindən bir kibrit qutusunda deyil, iki bükümdə nəşənin götürülməsini qeyd etmişdir. Şəxs bununla bağlı məhkəmə iclasında qeyd etmişdir ki, o polis şöbəsində qorxduğundan belə izahat vermişdir. Məhkəmə qeyd edir ki, onun qeyd edilən izahatı cinayət və inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür. Əgər onun dediyi kimi polis şöbəsindəki qorxu, hədə, təhdid real olsa idi faktiki olaraq mövcud olmayan iki büküm nəşənin ona məxsus olduğunu demək əvəzinə, faktiki olaraq mövcud olan bir kibrit qutusundakı marixunanın ona məxsusluğunu etiraf etməsi kifayət etmiş olardı. Yəni, hazırki halda təhqiqat orqanı üçün maraqlı olan təmiz çəkisi 2,61 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın Şəxs məxsus olmasını sübut etməkdir. Bu hal Şəxs tərəfindən etiraf edildiyi halda mövcud olmayan iki büküm nəşənin Şəxs etiraf edilməsinin məcbur edilməsi məntiqli deyildir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 28 iyun 2005-ci il tarixli 961 HQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 1 saylı siyahısıınn 12-ci bəndinin “a” yarımbəndinə əsasən, qurudulmuş marixuananın çəkisi 5 (beş) qramdan yuxarı olduqda cinayət məsuliyyətinə cəlb etmə üçün əsas verir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində göstərilmişdir ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdəran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, maddi sübut kimi Tovuz RPŞ-də saxlanılan Şəxs üzərindən aşkar edilib götürülmüş, ekspertiza tədqiqatına sərf olunması nəzərə alınmaqla qalıq qalmış 2,57 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 21 may 2024-cü il tarixdən, saat 11:00dan hesablansın. Şəxs üzərindən aşkar edilib götürülmüş, ekspertiza tədqiqatına sərf olunması nəzərə alınmaqla qalıq qalmış 2,57 qram narkotik maddə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-411/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-411/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver