Məhkəmə qərarları › İş №3(062)-420/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-420/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-420/2024 27.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN0452134 saylı qərardan barəsində tənbeh tətbiq edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN0452134 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ford Transit yük markalı, 77 4D 644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir. Сəmiyyətdə əmək müqaviləsi üzrə sürücü vəzifəsində işləyir və həmin sözügedən nəqliyyat vasitəsi etibarnamə (yol vərəqi) ilə ona təhkim edilmişdir. 18 may 2024-cü il tarixdə Göygöl rayonu Quşqara kənd poçtundan ona zərf təqdim edilmişdir. Həmin zərfdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı olmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən 11 mart 2024-cü il tarixli, ******* nömrəli protokol üzrə xx.xx.2024cü il tarixdə, saat 15:49 radələrində Tovuz rayon Polis şöbəsinin qarşısında idarə etdiyi Ford Transit yük markalı 77 4D 644 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə buraxılış kartı olmadan qeyri-müntəzəm yükdaşıma fəaliyyəti göstərməsi əks edilmişdir. Nəticədə barəsində İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi (buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə) üzrə 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərarı əsassız sayır. Belə ki, "xxxx" MMC sərnişin və ya yükdaşıma sahəsində fəaliyyət göstərmir. Cəmiyyət nə taksi, nə də daşıyıcı (eləcə də yükdaşıma) şirkəti deyildir. Cəmiyyətin fəaliyyət sahəsi mebel istehsalı və onun satışıdır. "xxxx" MMC sərnişin və yükdaşıma sahəsində xidmət göstərmir. Cəmiyyətdə əmək müqaviləsi üzrə sürücü vəzifəsində işləyən işçilər Cəmiyyətin mülkiyyətində olan nəqliyyat vasitələri ilə ona məxsus yükləri daşıyır. Cəmiyyət mülkiyyətində olan nəqliyyat vasitələri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək üçün işçilərini və özünə məxsus yüklərini daşıdığına görə Vergi Məcəlləsinin 221.4.9-cu maddəsinin tələbinə əsasən “Xüsusi fərqlənmə nişanı” alır. Cəmiyyətin fəaliyyət sahəsi mebel istehsalı və onun satışı olduğu halda "xxxx" MMC buraxılış vəsiqəsi və buraxılış kartı almalı deyil. Bundan başqa protokol ona təqdim edilməmişdir. Bir daha qeyd etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi üzrə sürücü vəzifəsində işləyir və Ford Transit yük markalı, 77 D 644 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə (yol vərəqi) ilə ona təhkim edilmişdir. Nə taksi, nə də yükdaşıma fəaliyyəti ilə məşğul deyil. Eləcə də "xxxx" MMC nə taksi, nə də yükdaşıma fəaliyyəti ilə məşğul olmur. Əmək müqaviləsi üzrə işlədiyi "xxxx" MMC-də öz əmək funksiyalarının icrası ilə əlaqədar ona təhkim olunmuş həmin nəqliyyat vasitəsi ilə Cəmiyyətin öz yükünü daşıyır və buna görə buraxılış kartı almalı deyil. Odur ki, hazırki şikayət ilə məhkəməyə müraciət etmişdir. Qərar qəbul etmiş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinə və barəsində inzibati xəta haqda qərar qəbul edilmiş X2 işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda qərardan şikayət vermiş şəxs məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göygöl rayonu Quşqara kəndində qeydiyyatda olan X3 xx.xx.2024-cü il tarixdə saat 15:49 radələrində Tovuz şəhəri ərazisində idarə etdiyi “Ford” yük markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomaşınla ölkədaxili sifarişli daşımalara buraxılış vərəqəsi almadan yükdaşıma fəaliyyəti ilə məşğul olmuş, bununla da qeyd olunan fiziki şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinmiş və barəsində həmin maddənin sanksiyası çərçivəsində 50 manat miqdarında cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 14 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu əsasında adıçəkilən Qanunun 3 nömrəli əlavəsi – «Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı»nın 32–35-ci maddələri aşağıdakı redaksiyada verilmişdir:

32. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi;

33. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi;

34. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi;

35. taksi sifarişi operatoru fəaliyyətinə icazə; Qanunun 3 nömrəli əlavəsi – «Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı»nın 32–35-ci maddələrinin əvvəlki redaksiyası isə aşağıdakı formada idi:

32. beynəlxalq avtomobil daşımalarını həyata keçirən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış, yüklənmə və tranzit keçid hüququnu müəyyənləşdirən “İcazə” blankı;

33. Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün avtodaşıyıcılara verilən xarici ölkələrin “İcazə” blankı;

34. Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün verilən “Fərqlənmə nişanı”;

35. vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən “Xüsusi fərqlənmə nişanı”; Göründüyü kimi Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün verilən “fərqlənmə nişanı” və vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən “xüsusi fərqlənmə nişanı” sözügedən Qanunun 3 nömrəli əlavəsi - “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”ndan çıxarılmış, əvəzində icazələrin siyahısına “ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi” əlavə edilmişdir. Yəni “fərqlənmə nişanı” və “xüsusi fərqlənmə nişanı” yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün artıq icazə növü hesab edilmir. «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar: 13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.2. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; 13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.4. taksi sifarişi operatoru fəaliyyətinə icazə; 13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə. Həmin Qanunun 4.05 və 4.07-ci maddələrinə görə ölkədaxili yük daşımaları – Azərbaycan Respublikasının hüdudları daxilində yerinə yetirilən yük daşımaları, ölkədaxili sifarişli daşımalar – taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyrimüntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımalarıdır. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları (qurumları), daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərə tətbiq olunur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları aşağıdakılara şamil edilmir: 3.2.1. kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 3.2.2. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına; 3.2.3. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, büdcədənkanar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 3.2.4. hüquqi şəxslərin və fərdi sahibkarların xidməti istifadəsi üçün nəzərdə tutulmuş minik avtomobilləri ilə yerinə yetirilən daşımalara; 3.2.5. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına; 3.2.6. fiziki şəxslərin mülkiyyətində yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən Qanunun tələblərinə müvafiq olaraq həmin Qanunun 3.2-ci maddəsi istisna edilməklə bütün ölkədaxili yükdaşıma fəaliyyəti göstərən şəxslər tərəfindən buraxılış vəsiqəsi və hər bir avtonəqliyyat vasitəsinə buraxılış kartı alınmalıdır. Hazırda isə barəsində tənbeh tədbiri tətbiq edilmiş şəxsin bu cür vəsiqəsi olmamışdır. İş materialları ilə müəyyən edilmişdir ki, Göygöl rayonu Quşqara kəndində qeydiyyatda olan X3 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 15:49 radələrində Tovuz şəhəri ərazisində idarə etdiyi “Ford Transit” yük markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomaşınla ölkədaxili sifarişli daşımalara buraxılış vərəqəsi almadan yükdaşıma fəaliyyəti ilə məşğul olmuş, bununla da qeyd olunan fiziki şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə əlli manat məbləğində cərimə edilir. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrində qeyd olunmuşdur ki, Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə sadalanan hüquq normalarını işin halları əsasında hüquqi qiymətləndirərək hesab edir ki, qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. Şikayətin dəlilləri heç bir sübuta söykənməyən əsassız mülahizələrdir. İnzibati orqanın gördüyü tədbirlər qanun daxilində edilən və hüquqi əsaslara söykənən qanundan doğan tələblərdir. Hansı ki, fiziki şəxs olan X3 tərəfindən bu nöqsan həqiqətən edilmişdir. İşin qeyd olunan halı qərar qəbul etmiş orqanın təqdim etdiyi mötəbər sübutlar ilə təsdiqin tapır. Məhkəmə hesab edir ki, Vüqar Allahverdiyevin inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN0452134 saylı qərar dəyişdirilmədən saxlanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı:

Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN0452134 saylı qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar