Məhkəmə qərarları › İş №3(062)-452/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-452/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-452/2024 29.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1983-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Əyyublu kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 4800 manat pulun alınaraq X2 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 4800 manat pulun alınaraq X2 verilməsi qət olunmuşdur. Şəxs borcundan hazıradək 690 manat ödəmə etmiş, qalan borcunu isə ödəməmişdir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Fərman Əhmədova borcu var. Borcundan bu günədək 690 manat ödəmə etmişdir. 2024-cü ilin iyun ayında əkdiyi məhsulu çıxarılan kimi borcundan ən azı 1000 manat da ödəmə edəcək. Qalan borcunu da yay fəsli ərzində ödəyərək borcunu tamamilə qaytaracaq. Maddi vəziyyəti aşağı olduğu üçün borcunu tam ödəyə bilməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X3 məhkəmə iclasında bildirdi ki, Şəxs 690 manat pul ödəməsindən xəbərdar olmamışdır. Məhkəmə iclasında Şəxs 690 manat ödəməsini bildirdikdən sonra məlumatlı olmuşdur. Bir ay ərzində 1000 manat da ödəməsini bildirir. Şəxs maddi imkanı yaxşıdır. O borcu tamamilə də ödəyə bilər. Şəxs pulu yaxın bir-iki ay ərzində qaytarmağa da söz verir. Odur ki, ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu ümumilikdə borcundan 690 manat ödəmə etmişdir. Bundan başqa yaxın müddət ərzində əkinləri çıxan zaman 2024-cü ilin iyun ayı üçün borcundan 1000 manat ödəmə etmək və borcunu tezliklə bağlamaq istəyi qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmadığını göstərir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar