Məhkəmə qərarları › İş №3(062)-457/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-457/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-457/2025 23.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi ilə, şikayət verən şəxs X5, X1, Tovuz RPŞ-nin DYPB-nin yol-patrul inspektoru X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi BDYPİ-nin Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında EQ28522143 nömrəli xx.xx.2025-ci il tarixli qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası Daxili işlər Nazirliyi BDYPİ-nin Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ28522143 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, avtomaşın atası X1 adınadır və ona etibarnamə vermişdir. Hazırda da avtomaşın atasının istifadəsindədir. xx.xx.2025-ci il tarixda Tovuz şəhəri ərazisində yolun kənarında parklanma üçün ayrılmış ərazidə qarşıda hərəkətdə olan nəqliyyat vasitəsi dayanmış və atası da məcburi olaraq dayanmışdır. Həmin vaxt polis əməkdaşı atasına yaxınlaşaraq bildirmişdir ki, yol-patrul xidməti avtomaşınında olan rəis onu çağırır. Atası avtomaşından düşüb patrul avtomaşınına yaxınlaşdıqda isə orada əyləşmiş polis əməkdaşı ona bildirmişdir ki, avtomaşını burada saxlamasın. Atası da məcburi dayandığını bildirmiş, hərəkətə davam etmək üçün avtomaşına qayıtmışdır. Həmin ərəfədə isə digər polis əməkdaşı avtomaşının şəklini çəkmiş və sistemə cərimə vurmuşdur. Eyni zamanda yolun sağ hissəsində parklama yeri olmuş və park halında avtomaşınlar dayanmışdır. Məhkəmə iclasında X3 şikayətdə göstərilənlərə uyğun izahat vermişdir. Tovuz RPŞ-nin DYPB-nin yol-patrul inspektoru X4 izahatında bildirmişdir ki, **-VD-*** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı avtomobil xx.xx.2025-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində Musa Musayev küçəsində yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış, həmin avtomobildən sağ tərəfdə OPEL markalı başqa avtomobil müəyyən olunmuş qaydada park etmiş, , **-VD-*** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı avtomobil isə onun arxasında yolun hərəkət hissəsini tutmuşdur. Qayda pozuntusu aşkar olunduğu zaman avtomobildə heç kim olmamış, portativ xüsusi texniki vasitə ilə qaydada pozuntusunun fotoşəkilləri çəkilmiş, EQ28522143 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Pozuntunu sənədləşdirib hadisə yerindən uzaqlaşdıqdan sonra sürücü X3 onlara yaxınlaşaraq protokolu sistemdən silməyi xahiş etsə də bundan imtina edilmişdir. Pozuntu sənədləşdirilərkən avtomobilin yanında heç kim olmamış, sonuncu etibarnamə X5 adına olduğu üçün protokol sistem tərəfindən avtomatik olaraq X5 adına tərtib edilmişdir. Bundan sonra X3 əlavə izahatında qeyd etmişdir ki, hava isti olduğu üçün avtomobilindən düşərək bir qədər kənarda kölgədə dayanmış, DYP əməkdaşları tərəfindən protokol tərtib edildiyini sonradan öyrəndiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş EQ28522143 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə **-VD-*** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı avtomobilin sürücüsü X7 barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cı maddəsinə əsasən, Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə araşdırma zamanı işin tədqiq olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, səlahiyyətli orqan tərəfindən gəlinən nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmış, gəlinən nəticə işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmiş, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilmiş, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğundur, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunmamış, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Belə ki, tərəflərin izahatlarından, iş materiallarından, həmçinin qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, görə **-VD-*** dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı avtomobildən sağda, öndə və arxada avtomobillər dayanmış, avtomobil park üçün nəzərdə tutulmuş yerdə deyil, yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır. Odur ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi BDYPİ-nin Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında EQ28522143 nömrəli xx.xx.2025-ci il tarixli qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 122, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili işlər Nazirliyi BDYPİ-nin Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ28522143 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar