Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-471/2025 21.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Tovuz rayonu, Çeşməli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Tovuz rayonu, Çeşməli kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİNxxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon icra və probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli MN2325033 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(042)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən başlanmış icra işi üzrə 6520 (altı min beş yüz iyirmi manat) manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X7 bildirdi ki, hazırda Tovuz Rayon Məhkəməsinin 2(042)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 6520 manat məbləğində ödənilməmiş aliment borcu vardır və həmin borcun ödənilməsindən yayındığından inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdr ki, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)- 217/2024 saylı qərardadından görünür ki, 12 dekabr 2023-cü il tarixdən etibarən xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü iı təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər üay sabit pul məbləğində hər bir uşağa görə 200 manat olmaqla, iki uşaq üçün 400 manat aliment tutulub tələbkar X1 ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Hazırki iş üzrə isə məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-636/2024 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətində inzibati qaydada həbs edilmiş və bu xətanı inzibati tənbeh vermə haqqında həmin qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Buna baxmayaraq onun əməli yanlış tövsif edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-471/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-471/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver