Məhkəmə qərarları › İş №3(062)-472/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-472/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-472/2023 21.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikasının Qida X4-Tovuz regional bölməsinin nümayəndəsi X6 iştirakı ilə, Azərbaycan Respublikasının Qida X4-Tovuz regional bölməsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan barəsində qərar qəbul edilmiş şəxs X9 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X9 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Qida X4-Tovuz regional bölməsinin rəisi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və qərar əsasında yazılmış 1500 manat cərimənin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Alakol kəndində yaşayır və Tovuz rayonu Alakol kəndində ət kəsimi və satışı mağazası vardır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin əməkdaşları tərəfindən onun işlətdiyi mağazaya baxış keçirilmiş, qanunsuz və əsassız akt tərtib edilərək guya müvafiq baytarlıq arayışı olmadan, ekspertiza aktı olmadan baytarlıq baxışından keçməyən ət satışını həyata keçirməsi müəyyən olunmuşdur. Bundan əlavə onun iştirakı və imzası olmadan Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinin tələbi ilə qanunsuz olaraq xx.xx.2023-cü il tarixli MN ******* saylı qərar çıxarılmış və ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası tətbiq olunmuşdur. Əslində isə ümumiyyətlə müvafiq baytarlıq arayışı olmadan ət satışını həyata keçirmir. Onun mağaza ilə bağlı bütün sənədləri qanuna uyğun qaydadadır və fəaliyyətini qanuna uyğun həyata keçirir. Hesab edir ki, onun mağazası standartlara tam cavab verir. Belə ki, mağazasında soyuducu var və yoxlama zamanı tarixdə Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin əməkdaşları tərəfindən həmin soyuducuya baxış keçirilmiş, həmin soyuducunun tam işlək vəziyyətdə olması müəyyən edilmişdir. Bundan əlavə yoxlama aktında qeyd edilmişdir ki, guya ət kəsimi mağazasında çalışan şəxs gigiyenik geyimlə təmin edilməmişdir. Lakin mağazasında gigyenik qaydalara əməl olunmaqla yanaşı işçilər geyimlərlə də təmin edilmişlər. Digər tərəfdən yoxlama aktında qeyd edilmişdir ki, guya ət kəsimi mağazasında çalışan şəxs dövrü olaraq tibbi müayinədən keçməmişdir. Amma onun qanuna uyğun qaydada dövrü olaraq tibbi müayinədən keçməyinə dair bütün arayışları mövcuddur. Bundan başqa yoxlama aktında qeyd edilmişdir ki, guya ət kəsimi mağazası mütəmadi olaraq dezinfeksiya edilmir. Əgər mağazasına baxış keçirilsə bütün lazimi dezinfeksiya avadanlıqlarının və maddələrinin olmasının şahidi olunar Bu da o deməkdir ki, mağaza standartlara uyğun qaydada dezinfeksiya olunur. Göründüyü kimi qəbul edilmiş qərar qanunsuzdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida X4-Tovuz regional bölməsinin nümayəndəsi X10 şikayətin dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, sahibkar Bəhruz Bağırova məxsus ət mağazasında xx.xx.2023-cü il tarixli qərar ilə yoxlama aparılmışdır. Aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, ət satışı mağazasında çalışan şəxs tərəfindən gigiyenik geyim vasitələrindən istifadə edilmir, onun dövri olaraq tibbi müayinədən keçməsini təsdiq edən sənədlər yoxdur, mağazanın giriş qapısında dezinfeksiyaedici örtük yerləşdirilməmiş, ümumiyyətlə mağazada mütəmadi olaraq dezinfeksiya işləri aparılmır, bundan başqa ət məhsullarının sağlamlığını təsdiq edən müvafiq sənədlər yoxdur və satışı həyata keçirilən ət məhsullarının bir qismi soyuducuda saxlanılmır. Göstərilən qüsurlar əsasında sahibkar Bəhruz Bağırov barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və müvafiq qərarla cərimə edilmişdir. Odur ki, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qərardan şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə işə qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Yoxlamanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, YPK-028 saylı qərardan görünür ki, sahibkar X7 məxsus Tovuz rayonu, Alakol kəndində yerləşən ət satışı mağazasında plandankənar yoxlama aparılması qərara alınmışdır. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X2 Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinib əsasən 1500 (bir min büş yüz) manat inzibati cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsini dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair” tələblərin 2 nömrəli Əlavəsinin 8.8-ci bəndində göstərilmişdir ki, qida subyektlərinə məxsus binalarda, qurğularda, sahələrdə, ərazilərdə, qida məhsulları daşınan nəqliyyat vasitələrində dezinfeksiya, dezinseksiya, deratizasiya, fumiqasiya işləri aparılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısı”na əsasən qida zəncirinin (qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi) müxtəlif mərhələlərində işləyən şəxslər işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində məcburi tibbi müayinədən keçməli və tibbi arayışlarla təmin olunmalıdırlar. Qida obyektlərində çalışan hər bir şəxs gigiyena qaydalarına ciddi diqqət yetirməli, təmiz, münasib xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) və fərdi mühafizə vasitələri (əlcək, maska, respirator, eynək) ilə təmin edilməlidir (Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair” tələblərin 2 nömrəli Əlavəsinin 10.1 və 10.2-ci bəndləri). Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ət satışı müəssisələrinin fəaliyyətinə dair” Baytarlıq-Sanitariya Normaları və Qaydalarının 4.7.4-cü bəndində qeyd olunmuşdur ki, Müəssisənin işçi heyəti üçün nəzərdə tutulmuş sanitar qovşaq otağı giriş qapısının ağzında ayaqqabıların dezinfeksiya edilməsi məqsədi ilə qoyulan dezinfeksiyaedici örtüklə təchiz edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət”Qaydalarının 4.5-ci bəndində göstərilmişdir ki, malların keyfiyyəti, markalanması, saxlanma rejimi və forması (temperaturu, nəmliyi, saxlanma müddətləri) texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməlidir. Həmin Qaydaların 6.13.10-cu bəndində göstərilmişdir ki, mənşəyi və keyfiyyəti barədə sənədləri olmayan ərzaq mallarının satışı qadağandır. Məhkəmə diqqətə çatdırır ki, barəsində qərar qəbul edilmiş şəxs X9 tərəfindən Tovuz rayonu Alakol kəndində yerləşən ona məxsus ət satışı mağazasında yuxarıda göstərilən Qaydaların tələblərinə riayət edilmədən ət satışı həyata keçirilmişdir. Əskini təsdiqedəcək sənədlər isə onun tərəfindən şikayətinə əlavə edilməmiş, habelə özü məhkəmə iclasında iştirak edərək təqdim etməmişdir. İşdə olan sənədlər isə barəsində qərar qəbul edilmiş şəxs X5 inzibati xəta törətməsini təsdiq edir. İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində qeyd olunmuşdur ki, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Bəhruz Bağırovun inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X9 tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikasının Qida X4-Tovuz regional bölməsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Qida X4-Tovuz regional bölməsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar