Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-474/2023 19.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4 vəkili X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X5 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 01400/04462 saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X7 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X7 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X5 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 01400/04462 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qərar əsasında tətbiq edilmiş 10000 manat məbləğdə cərimənin silinməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, 01400/04462 saylı qərarı ilə ondan 10000 (on min) manat məbləğində pulun alınıb dövlət nəfinə ödənilməsi qərara alınmışdır. Qərarın əsası kimi qeyd edilmişdir ki, guya sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, ixrac gömrük prosedurunda olan mal göndərmələrində olan əməliyyatları rəsmiləşdirməklə bəyannamələr əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 250980,00 ABŞ dolları pulu müvəkkil banka ödəməmişdir. Buna uyğun olaraq qeyd edir ki, həmin qərar onun iştirakı və imzası olmadan qəbul edilmişdir. Belə ki, qərar qanunsuz olaraq çıxarılmışdır. Çünki bütün bəyənnamələri vaxtında ödəməklə qaytarılmalı olan bütün məbləğləri müvəkkil banka ödəmişdir. Hesab edir ki, onun əməlində təqsir yoxdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə bununla bağlı dəvət olunmağına dair qərarda məlumatlar qeyd edilsə də, həmin bildirişlərin ona çatdırılmasını təsdiq edəcək hər hansı bir sənəd mövcud deyildir. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 vəkili X3 şikayətin dəlillərini müdafiə etdi və əlavə olaraq göstərdi ki, hazırda qərar qəbul etmiş orqan nəzərə almamışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olsa belə onun inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün müəyyə olunan müddət ötmüşdür. Qərarın qəbul edilməsinə səbəb olan gömrük əməliyyatları müvafiq olaraq 2021-ci ildə aparılmışdır. İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə uyğun olaraq isə gömrük orqanı ən geci bir il keçənə kimi şəxsi məsuliyyətə cəlb edə bilərdi. Lakin bunu etməmişdir. Odur ki, şikayətin təmin edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 barəsində Cinayət Prosessual Məcəllənin 39.1.1-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlinə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə qiymət verilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilmişdir. İnzibati tənbeh verilməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X5 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 01400/04462 saylı qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 483-cü maddəsində qeyd olunan inzibati xətanın törədilməsində təqsirli bilinərək 10000 manat məbləğində cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas X4 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan müddət ərzində 14 gömrük bəyannaməsi üzrə ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 250980 ABŞ dolları (426000 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi olmuşdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndində qeyd olunmuşdur ki, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində qeyd olunmuşdur ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan müddət ərzində 14 gömrük bəyannaməsi üzrə ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 250980,00 ABŞ dolları (426000,00 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Lakin bununla belə qərar qəbul etmiş inzibati orqan tərəfindən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə qiymət verilməlidir. Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 16 noyabr tarixli Qərarı). İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipindən bəhs edən 6-cı maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. .......... gömrük qaydaları, ............ görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin müddəaları nəzərə alınmadan həmin Məcəllənin 38.3-cü maddəsinin hərfi təfsiri yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən bir il keçəndən sonra da verilə bilməsi hallarını istisna etmir. Belə təfsir həm də faktiki olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin qeyrimüəyyən müddətədək uzadılmasına imkan yaradır. Belə hallarda inzibati məsuliyyətə cəlbetmə müddəti hətta cinayət məsuliyyətinə cəlbetmə müddətindən də artıq ola bilər. Belə ki, bu halda cinayət təqibi üzrə icraatın dayandırılması, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzanması və ya prosessual hərəkətlərinin təkrarlanması istisna edilmir. Bununla da cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərarı). Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas vermiş gömrük bəyannamələri xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan müddəti əhatə edir. Həmin müddətlərdən başlayaraq keçən 180 gün ərzində artıq köçürülmə təmin edilmədiyi halda inzibati xəta törədilmiş hesab edilir. İşin halları bu aspektdən təhlil edildikdə görünür ki, şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsi müddəti ötürülmüşdür. X9 Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 1 il müddətində şəxs inzibati məsuliyyətə cəlb edilməli idi. Lakin bu hal inzibati orqan tərəfindən nəzərə alınmamışdır. Bununla belə şəxsin barəsində olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar ilə bağlı da qanunvericiliyin tələblərinə diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Doğrudur ki, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının müəyyən edilməsi məsələsinin həlli zamanı İnzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin həmin Məcəllənin 38.3-cü maddəsi ilə sistemli əlaqəsindən çıxış etmək lazımdır. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi yenə də şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata müddətin keçməsi əsası ilə xitam verilməlidir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X7 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X5 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 01400/04462 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata inzibati məsuliyyətə cəlb edilmə müddətinin keçməsi əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-474/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-474/2023
19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver