Məhkəmə qərarları › İş №3(062)-480/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-480/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-480/2024 08.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Tovuz rayonu X6 Poliklinikanın nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Tovuz rayonu X6 Poliklinika barədə inzibati xəta haqda protokol ona görə tərtib edilmişdir ki, lisenziya olmadan özəl tibb fəaliyyəti(stomatologiya) ilə məşğul olma faktı aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs və yaxud inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxsin və yaxud inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi izahatında göstərdi ki, həmin poliklinika 20 ilə yaxındır ki, bu qaydada fəaliyyət göstərir. X7 müavininin təsdiq etdiyi əsasnamə əsasında fəaliyyət göstərmiş və bu barədə Səhiyyə Nazirliyi məlumatlı olmuşdur. Əgər onlara lisenziya alındıqdan sonra fəaliyyət göstərməyin zəruriliyi bildirilsə idi onlar bu barədə lisenziya alardılar. Odur ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Tovuz rayonu X6 Poliklinikanın barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.6-cı maddəsinə əsasən, yəni məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməli və Tovuz rayonu X6 Poliklinika inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı, o cümlədən Tovuz rayonu X6 Poliklinikanın nümayəndəsinin izahatından da müəyyən edilir ki, həmin hüquqi şəxs hər hansı lisenziya olmadan stomotoloji fəaliyyətlə məşğul olur. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma inzibati məsuliyyət yaradır. Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” təsdiq edilməsi (əlavə №2) qərara alınmışdır. 2 nömrəli əlavədə özəl tibb fəaliyyəti lisenziya ilə həyata keçirilən fəaliyyət növləri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 sentyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş tibb və qeyri-ənənəvi tibb fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsinə dair Qaydaların 1.2-ci bəndinə əsasən bu Qaydalara əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra «ərizəçilər») tibb və qeyri-ənənəvi tibb fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəddir. Göründüyü kimi hüquqi şəxs olan Tovuz rayonu X2vericiliyinm tələblərini pozmaqla özəl tibb fəaliyyəti ilə məşğul olmuşdur. İşin faktiki halları ilə Tovuz rayonu X1 istinad edilən inzbati xətanı törətməsi təsdiq olunduğundan o, Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli hesab edilməlidir. Bununla belə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş Tovuz rayonu X6 Poliklinika barəsində inzibati tənbeh tətbiq etmə müddəti keçmişdir və belə olan halda hazırkı iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 18 mart 2024-cü il tarixli məktubundan və inzibati xəta haqqında protokoldan görünür ki, Tovuz rayonu X6 Poliklinikanın lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması 10 yanvar 2024-cü ildən məlum olmuşdur. O cümlədən işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3-28/2- 1671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin məktubuna Səhiyyə Nazirliyi tərəfindən baxılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci (İ) hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İkinci (İİ) hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 125-ci maddəsinin yeddinci (Vİİ) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin üçüncü (İİİ) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmçinin, İXM-nin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşdən görünür ki, yuxarıda təsvir olunan inzibati xəta hadisəsi barədə 16 aprel 2024cü ildə protokol tərtib edilmişdir. Bu inzibati xətaya baxmaq səlahiyyəti məkəməyə aiddir. Həmin inzibati xəta əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara aiddir. İşə məhkəmədə baxılarkən, daha doğrusu iş məhkəməyə daxil olduqda törədilmiş xətaya görə qanunla müəyyən edilmiş inzibati tənbeh tətbiq etmə müddəti, yəni 4 aydan artıq vaxt keçmişdir. Ona görə də işə baxarkən inzibati xətaya görə tənbeh tətbiq etmə müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, inzibati xəta 09 yanvar 2024-cü ildə vergi xidmətinin əməkdaşları tərəfindən aşkar edilmiş və bu barədə Səhiyyə Nazirliyinə , yəni səlahiyyətli şəxslərə xx.xx.2024-cü ildə məlumat verilmişdir. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, bu müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərarı). Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və məhkəmələr inzibati xətalar qanunvericiliyinin vəzifələrinin icrasının təmin edilməsi məqsədilə müvafiq prosessual hərəkətləri qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində icra etməli, İnzibati Xətalar Məcəlləsinin 54.1-ci maddəsindən irəli gələrək prokuror isə öz səlahiyyətləri çərçivəsində prosessual müddətlərin pozulmasının qarşısının alınması ilə bağlı vaxtında və lazımi tədbirləri həyata keçirməlidir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanununverciliyinin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş Tovuz rayonu X6 Poliklinika barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.6-cı maddəsinə əsasən, yəni məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməli və Tovuz rayonu X6 Poliklinika inzibati məsuliyyətdən azad edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,53,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş Tovuz rayonu X6 Poliklinika barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.6-cı maddəsinə əsasən, yəni məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Tovuz rayonu X6 Poliklinika inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar