Məhkəmə qərarları › İş №3(062)-49/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-49/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-49/2023 11.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Elnur Guseinovun və Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan Elnur Guseinovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X6 tərəfindən Elnur Guseinovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Elnur Guseinov xx.xx.2023-cü il tarixdə Tovuz şəhəri, N.Tusi adına məktəbin qarşısında ictimai yerdə arvadı X1 təhqir edərək xırda xuliqanlıq etmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X6 protokola uyğun izahat verərək, Elnur Guseinovun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Elnur Guseinov törətdiyi inzibati xətanı törətdiyini etiraf edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Tovuz şəhəri, N.Tusi adına məktəbin qarşısında ictimai yerdə arvadı X4 nalayiq ifadələrlə təhqir etmişdir. Buna səbəb onun arvadının uşağı ilə görüşünə mane olmasından ibarət olmuşdur. Həmin vaxt çox aqresiv olmuş və özünü cilovlaya bilməmişdir. Bütün aqresivliyi valideynlik hüquqlarının arvadı tərəfindən pozulmasından qaynaqlanmışdır. Daha sonra polis şöbəsinin əməkdaşları gələrək onu şöbəyə aparmışlar. Hazırda etdiyi əməldən səmimi peşmandır. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, aralarında ailə mübahisəsi vardır. Ərinə etibar etmədiyi üçün uşağı onunla tək harasa göndərmək istəmir. Hazırda ailə münasibətləri pozulduğu üçün boşanma ərəfələrindədir. Məhz əri Elnur Guseinov da ona görə bu dərəcədə aqresiv davranır. Həqiqətən də xx.xx.2023-cü il tarixdə Tovuz şəhəri, N.Tusi adına məktəbin qarşısında ictimai yerdə əri onu nalayiq ifadələrlə təhqir etmişdir. Onun həbs edilməsini istəmir, lakin yeganə tələbi odur ki, əri Elnur ondan və uşağından uzaq dursun. Onların hər hansı rahatlığına mane etməsin. Odur ki, Elnur Guseinov barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Elnur Guseinovun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə göstərir ki, Elnur Guseinovun ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi iş materialları ilə və onun özünün etirafı ilə təsdiqin tapır. Həmçinin hazırda zərərçəkmiş şəxs onun inzibati həbs edilməsini istəmir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Elnur Guseinovun əməlini səmimi etiraf etməklə peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin normaya əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Elnur Guseinovun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, habelə zərərçəkmişin onun inzibati həbs edilməsini istəməməsini, eyni zamanda onun aqresivliyinin uşağını görmək istəyib də görə bilməməsindən qaynaqlanmasını nəzərə alaraq hesab edir ki, Elnur Guseinovun törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Elnur Guseinov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar