Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-492/2023 09.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Tovuz rayonu, Aşağı Ayıblı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Tovuz rayon Əyyublu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ödəməli olduğu 400 manat məbləğdə cəriməni ödəməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğdə cərimə edilmişdir. Həmin icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilmiş, icra sənədi üzrə bildiriş borcluya göndərilmiş, lakin borclu tərəfindən icra sənədi icra olunmamışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hazırki vaxta kimi qeyd olunan qərar üzrə hər hansı ödəniş etməmişdir. Çünki buna maddi imkanı çatmır. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.2-ci maddələri). Adıçəkilən Qanunun 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə göstərir ki, hazırki inzibati xəta haqqında protokol tərtib edilənə qədər icra məmuru tərəfindən qanunamüvafiq addımlar atılmamışdır. Belə ki, inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə bağlı məsələlərə gəldikdə nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən həmin qərarın icrasının müəyyən edilmiş müddətdə həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda və ya şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati xətalar qanunvericiliyi həmin qərarı qəbul etmiş hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında qərarın icrasının təxirə salınması və ya ona möhlət verilməsi barədə qərardadın qəbul edilməsinin mümkünlüyünü müəyyən etməklə, inzibati cərimənin müəyyən olunmuş müddətdə ödənilməsinin təmin edilməsi üçün müxtəlif hüquqi imkanlar nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 143-cü maddəsi). X5 Məcəlləsinin 150.7-ci maddəsinə müvafiq olaraq, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əmək haqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsində məcburi icra tədbirləri qeyd olunmuşdur. Həmin Qanunun 43.1-ci maddəsində göstərilmişdir ki, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Göründüyü kimi icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmədən birbaşa borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Hansı ki, məcburi icra tədbirləri həyata keçiriləcəyi halda hazırki protokolun tərtib edilməsinə də zərurət qalmayacaqdır. İnzibati Xətalar Məcəlləsinin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-492/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-492/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver