Məhkəmə qərarları › İş №3(062)-492/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-492/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-492/2025 08.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Tovuz rayonu, Dönük Qırıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN xxxxxxx) barəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon icra və probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2325302 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-3178/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən başlanmış icra işi üzrə 11223 (on bir min iki yüz iyirmi üç) manat borcunu ödəməmişdir. Məhkəmə iclasında Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 bildirmişdir ki, inzibati xəta haqqında protokola uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-3178/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin həmin şikayət forma və məzmun tələbləri pozulduğu üçün Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ona geri qaytarılmışdır. Məhkəmənin həmin qərardadından apellyasiya şikayəti verəcəkdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 3178/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs 11100 manat və dövlət rüsumu olaraq büdcəyə ödənilmiş 123 manat pul alınaraq X1 ödənilməlidir. xx.xx.2025-ci il tarixli icraata başlanması haqqında qərardadn görünür ki, 2(062)- 3178/2024 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2025-ci il tarixli xəbardarlıq məktubundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Tovuz rayon İcra və probasiya şöbəsinə yaxınlaşmalı olduğu barədə məlumat göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e2(062)-3178/2024 nömrəli qərardadına əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-3178 nömrəli qətnaməsindən Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, tərəflər arasında məhkəmə prosesi davam edir və bununla bağlı qəbul edilmiş İ instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin yekun mövqeyi hələ bildirilməmişdir. Bunu nəzərə alaraq icra məmurunun tələblərini icra etməməyə görə şəxsin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs qız barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar