Məhkəmə qərarları › İş №3(062)-493/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-493/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-493/2023 12.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 04 avqust 1985-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2 (062)-1790/2019 saylı icra vərəqəsinə əsasən 11 iyun 2008ci ildə anadan olmuş Aysel adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 130 manat məbləğində aliment alınaraq X1 verilməsi barədə icra vərəqəsi üzrə yaranmış borcunu ödəməmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 11 iyun 2008-ci ildə anadan olmuş Aysel adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 130 manat məbləğində aliment alınaraq X1 verilməsi barədə icra vərəqəsini icra etməkdən üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Hazırda Şəxs borcu 3140 (üç min yüz qırx) manat təşkil edir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həqiqətən borcu 3140 manat təşkil edir. Borcundan hazırda 490 manat ödəniş etmişdir. Borcundan yaxın müddət ərzində də ödəmələr edəcəkdir. Barəsində olan icra vərəqəsinin icrasından boyun qaçırmır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzbati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. İşə əlavə olunmuş poçt qəbzinin surətindən görünür ki, Şəxs 12 iyun 2023-cü il tarixdə 490 manat pulu X1 göndərmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati materiala əlavə olunmuş sənədlərlə də müəyyən olunur ki, Şəxs bu günədək ödəmə etsə də əvvəlki aylardan da yığılıb qalan borcu olmuşdur. 12 iyun 2023-cü il tarixdə Şəxs 490 manat ödəmə etməsi onu göstərir ki, qalan borcunu da yaxın müddət ərzində alimenti ilə birlikdə ödəyəcəkdir və bu onun qətnamənin icrasından boyun qaçırmadığını göstərir. Bundan əlavə 31 yanvar 2023-cü il tarixdə Şəxs inzibati məsuliyyətə cəlb olunarkən borc 2950 manat olsa da hazırda onun borcu aylıq ödəmələrlə birlikdə 2650 manat təşkil edir ki, bu da onun qətnamənin icrasından yayınmadığını təsdiq edir. Bununla da müəyyən olunur ki, qətnamənin icrasından il ərzində təkrar icra etməmənin əlamətləri yoxdur. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Eyni zamanda Şəxs borcunu yaxın zamanlarda ödəyəcəyinə söz verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar