Məhkəmə qərarları › İş №3(062)-498/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-498/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-498/2025 17.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx xxxx 1956-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, təqaüdçü, əlilliyi olmayan, evli, deməsinə görə məhkumluğu olmayan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs- Barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, 31 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomobili vuraraq avtomobilə 500 (beş yüz) manat dəyərində zərər yetirmişdir. İş üzrə ilkin araşdırma orqanının protokoluna əsasən zərərçəkmiş şəxs qismində cəlb edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs qismində cəlb edilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Abulbəyli kəndində yaşayır. Zərərçəkmiş şəxs onun barəsində şikayət verərək özünə məxsus olan avtomobili onun tərəfindən vurularaq zədələdiyini bildirmişdir. Bütün qonşular da şahiddir ki, hadisə elə olmamışdır. Belə ki, Hüseynin onun qızı Nərgizlə qeyri-rəsmi münasibətləri vardır. Hüseyn tez-tez onların küçəsinə gələrək ictimai qaydalara zidd hərkətlər edir. Avtomobili yüksək sürətlə idarə edir, təhlükəli manevrlər edir. Qonşular da haqlı olaraq onun qızına görə Hüseynin oraya gəlməsini əsas gətirərək onlardan inciyirlər. O bir neçə dəfə aidiyyəti qurumlara şikayətini bildirsə də nəticəsi olmamışdır. Buna görə də Hüseyn daha da qanunsuz hərəkətlər etməyə davam etmişdir. Şikayət verilən gün də onların yaşadığı küçədə avtomobili idarə edən Hüseyn sərt manevrlər edərək səs-küy salmış və bununla da qonşuların rahatlığını pozmuşdur. O, da səsküyə çölə çıxaraq Hüseynin avtomobili sərt idarə etməsinin şahidi olmuşdur. O, ağac götürərək Hüseyni vurmaq istəmişdir. Lakin Hüseyn onun əlindən ağac parçasını götürərək idarə etdiyi maşına vurmuşdur. Bildiyinə görə avtomobil qızı Nərgiz tərəfindən alınmışdır. Avtomobili Hüseyn idarə edir. O heç kimin avtomobilini vurmamışdır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, barəsində inzibati xəta haqqında material olan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən məsuliyyət özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasında müəyyən edildi ki, ilkin araşdırma zamanı Şəxs Zərərçəkmiş şəxs istifadəsində olan Chevrolet Cobalt markalı minik avtomobilinə zərər vurması bildirilsə də məhkəmə iclası zamanı öz təsdiqni tapmamışdır. Bundan başqa elektron sistem üzərində məhkəmə sorğusu nəticəsində müəyyən olunur ki, Zərərçəkmiş şəxs adına Chevrolet Cobalt minik markalı **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmamışdır. Əmlakın mülkiyyətçisinin başqa şəxs olması, həmçinin əlyazma ilə təqdim olunmuş izahat ilə kompüter vasitəsilə yazılmış Şəxs verdiyi izahatlar arasında kəskin ziddiyət olması məhkəmənin diqqətindən kənarda deyil və məhkəmə öz daxili inamına əsaslanaraq hesab edir ki, Şəxs təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Şəxs təqsirinin müəyyən olunması üçün sübutların mövcud olmamasını məhkəmə nəzərə alır. İşə əlavə olunmuş sənədlərlə avtomobilin mükiyyətçisinin Zərərçəkmiş şəxs olmadığı müəyyən edildiyi kimi, zərərin kim tərəfindən vurulması da öz təsdiqini tapmır. Məhkəmə eyni zamanda diqqətə çatdırır ki, daşınar əşya olan avtomobilin üzərində mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alındıqdan sonra “əmlak” anlamına gəlir. Bütün bu hallara məcmu halında baxan məhkəmə hesab edir ki, Şəxs əməlində qeyd edilən inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə görə, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlinə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə hüquqi qiymət verilə bilməz və onun əməlində inzibati xəta hadisəsi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar