Məhkəmə qərarları › İş №3(062)-50/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-50/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-50/2025 05.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X4 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Əyyubova Hicran Vidadi qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əyyubova Hicran Vidadi qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 tərəfindən tərtib olunmuş 29 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzbati xəta törətdiyinə görə 700 manat cərimə olunmuşdur. Əyyubova Hicran Vidadi qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən 29 dekabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və barəsində olan inzibati xəta haqqında iş üzrə materialın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində bildiriş rəsmi qaydada şikayət verən şəxs Əyyubova Hicran Vidadi qızının elektron kabinetinə yerləşdirilmiş və Əyyubova Hicran Vidadi qızı məhkəmə iclasına ərizə göndərərək məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. Əyyubova Hicran Vidadi qızı şikayəti ərizəsində göstərmişdir ki, 24 dekabr 2024-cü il tarixdə barəsində əsassız olaraq MN ******* saylı protokol əsasında heç bir araşdırma aparılmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozduğu üçün Azərbaycan Respublikası DƏMX-nin Qazax-Tovuz regional şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 29 dekabr 2024-cü il tarxli “inzibati tnbeh vermə haqqında” qərar qəbul edərək Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə onu təqsirli bilərək vəzifəli şəxs kimi 700 manat cərimə etmişdir. Protokolda qeyd edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinin tələbləri pozulmuşdur. İnzibati orqan əsassız alaraq qeyd edir ki, direktoru olduğu Tovuz Dövlət Sosial İqtisadi Kollecində müəllim işləmiş (ştat ixtisarı ilə işdən azad olunmuş) X7 və X3 xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-xx.xx.2024cü il tarixlərində əmək haqqı ödənilməmişdir. Bu əsasla da vəzifəli şəxs olaraq onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinin tələblərini pozmağı göstərilmişdir. Bu şəxslərin 2024-2025-ci tədris ilində ixtisası üzrə dərs yükü (saat) olmadığı üçün tarifikasiyaya uyğun olaraq onlara əmək haqqı hesablana bilməmişdir. Bu hal vəzifəli şəxs olaraq ondan asılı olmamışdır. Çünki müəllimlərə tədris ili üçün müəyyən edilmiş dərs yükünə görə əmək haqqı hesablanır. İnzibati orqan isə onu vəzifəli şəxs kimi əsassız olaraq inzibati məsuliyyətə cəlb etmişdir. Həmin qərar tamamilə əsassız və qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Birinci növbədə o Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməmişdir. Belə olan halda Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu halları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 134 və 135-ci maddələrində əsasən barəsində olan 29 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 tərəfindən tərtib olunmuş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə materialın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X8 ifadə verərək göstərdi ki, Tovuz Dövlət Sosial İqtisad Kollecinin direktoru barəsində tərətib olunmuş Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə müəyyən edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslı qəbul edilmişdir. Belə ki, Tovuz Sosial İqtisad Kollecinin işçiləri X9 və X1 əmək hüquqlarınımn pozulması barədə daxil olmuş müraciətinə əsasən X10 Xidmətinin Qazax-Tovuz regional şöbəsində araşdırılma aparılmışdır. Bununla bağlı Tovuz Sosial İqtisad Kollecinin direktoru Hicran Əyyubovaya bildiriliş göndərilərək mövcud vəziyyətin aydınlaşdırılması məqsədilə ona izahat verməsi bildirilmişdir. Hətta ona ZOOM platforması üzərindən məlumat linki göndərilərək də müzakirəyə dəvət olunmuşdur. Bütün hallarda tərəflərindən olan təşəbbüs cavabsız qalmışdır. Lakin Hicran Əyyubova bununla bağlı X10 Xidmətinin Qazax-Tovuz regional şöbəsinə hər hansı yazılı və şifahi müraciət etməmişdir. X10nə şikayət verən X5 və X6 şikayətləri əsasında onlardan izahat alınmışdır. İzahatlarında onlar tələbə məzuniyyət dövründə işdə olmadıqlarını, 04 noyabr 2024-cü il tarixdən 14 noyabr 2024-cü il tarixdək işdə olmuşlar. İşdə olduqları günlər ərzində direktora, direktor müavininə müraciət edərək onlara dərs vermələrini xahiş etmələrinə baxmayaraq dərs verilməmiş və onlar müəllimlər otağında boş oturmuşlar. Tədris etdikləri fənn boş keçirildiyi halda onları deyil başqa ixtisas müəllimlərini onların yerinə dərsə göndərmişlər. Digər müəllimlərə müraciət edib dərsə göndərsələr də onları heç bir dərsə göndərməmişlər. Əmək qanunvericiliyinin tələblərinin pozulması aşkar olunduğu üçün Tovuz Sosial İqtisad Kollecinin direktoru Əyyubova Hicran Vidadi qızının barəsində İXM-nin 192.4-cü maddəsi ilə məsuliyyət müəyyən olunaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İşdə olan 29 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Tovuz Dövlət Sosial İqtisad Kollecinin direktoru Əyyubova Hicran Vidadi qızı Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İşə əlavə olunmuş X10 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin 20 dekabr 2024-cü il tarixli və 23 dekabr 2023-cü il tarixli bildirişdən görünür ki, X6 və X2 şikayəti əsasında araşdırma aparılması üçün Əyyubova Hicran Vidadi qızına bildiriş göndərilmiş, hətta onun ZOOM platforması üzərindən iştirakını təmin etmək üçün tədbirlər görülmüşdür. İşə əlavə olunmuş izahatların surətindən görünür ki, X9 və X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax-Tovuz regional şöbəsinə yazılı izahat verərərək işdə olmalarını, əsassız yerə onlara dərs verilmədiyini bu barədə Tovuz Sosial İqtisad Kollecinin direktorunu və onun müavinini məlumatlandırmışlar. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri və Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X4 izahatını dinləyib hesab edir ki, X10 Xidmətinin vəzifəli şəxsi tərəfindən Tovuz Sosial İqtisad Kollecinin direktoru Əyyubova Hicran Vidadi qızı barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə olunması barədə 29 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqda qərarı qanuni hesab edilməlidir. Azəbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 12-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azəbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmin Məcəllənin 169.2-ci maddəsinə əsasən işçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyətə cəlb olunur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edlir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Tovuz Sosial İqtisad Kollecinin direktoru Əyyubova Hicran Vidadi qızı əmək qanunvericiliyinin tələbini pozmaqla işçinin faktiki şəkildə əmək haqqı ödənilməmişdir. Əmək haqqının ödənilməməsi isə işin və tarifikasiya üzrə dərs saatlarının olmaması ilə əlaqələndirilmişdir. Bu isə əmək qanunvericiliyinin imperativ normalarının pozuntusudur. İşçilərin inzibati orqana verdiyi izahatla və inzibati orqan tərəfindən araşdırma nəticəsində müəyyən edilmişdir ki, işçinin işsiz qalması işçinin təqsiri ucbatından baş verməmişdir. İşəgötürənin tərəf qismində işçi qarşısında öhdəliyi ona müəyyən edilmiş əmək haqqının verilməsi qanunvericiliyin tələbinə əsasən əsas vəzifələrindən biridir. Bu halın pozulması inzibati məsuliyyətin əsasıdır. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, X10 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin vəzifəli şəxsi tərəfindən Tovuz Sosial İqtisad Kollecinin direktoru Əyyubova Hicran Vidadi qızı barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə olunması barədə 29 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqda qərar qanuni hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 114- 115, 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Tovuz Sosial İqtisad Kollecinin direktoru Əyyubova Hicran Vidadi qızının barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin 29 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar