Məhkəmə qərarları › İş №3(062)-503/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-503/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-503/2023 13.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs MMC 27000 avro məbləğdə vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, həmin məbləğ vəsaiti hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman onlara məlumat verilməmiş və nümayəndələrinin iştirakı inzibati orqan tərəfindən təmin edilməmişdir. Hansı ki, məlumat verilsə heç bu gün üçün inzibati xəta haqqında protokol tərtib edilməzdi. Çünki malların hazırlanması və təchiz olunması haqqında təchizatçı "xxxx" MMC ilə alıcı Şəxs MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 007 saylı müqaviləyə əsasən təchizatçı Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən Şəxs MMC-yə məxsus 10000 tonluq tərəvəzlərin saxlanması üçün soyutma sisteminin tərkib hissəsi olan 8000 ədəd konteyneri istehsal və təchiz etməyi, alıcı isə həmin konteyneri qəbul edib ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin təchizatçı tərəfindən müqavilənin şərtlərinə əməl edilməmiş konteyner üçün təchizatçının hesabına xaricə köçürülmüş 27000 avro müqabilində üzərinə düşən vəzifəni icra etməmişdir. Təchizatçı nə hesaba mədaxil olunan pulu qaytarmış, nə də pul müqabilində istehsal etdiyi malı hazırlamışdır. Bu səbəbdən aralarında olan müqaviləyə əsasən Rusiya Federasiyasının Ticarət və Sənaye Palatası yanında Beynəlxalq Ticarət Arbitraj Məhkəməsinə müraciət edilmişdir. Lakin inzibati orqan tərəfindən bu kimi hallar nəzərə alınmamışdır. Hansı ki, protokol tərtib olunan zaman onlarında iştirakı təmin edilərək göstərdiyi xüsusatlra qiymət verilməli idi. Odur ki, onların nümayəndələrinin iştirakının təmin edilməsi üçün inzibati xəta haqqında protokolun geri qaytarılması barədə müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. İş materiallarından görünür ki, təchizatçı "xxxx" MMC ilə alıcı Şəxs MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 007 saylı müqaviləyə əsasən təchizatçı alıcıya məxsus 10000 tonluq tərəvəzlərin saxlanması üçün soyutma sisteminin tərkib hissəsi olan 8000 ədəd konteyneri istehsal və təchiz etməyi, alıcı isə həmin konteyneri qəbul edib ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda da Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixdə xaricə köçürülmüş 27000 avro pul məbləği məhz bu müqavilənin şərtləri əsasında həyata keçirilmişdir. Lakin təchizatçı "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, köçürülmüş pul məbləğinə uyğun malı istehsal etməmiş, habelə vəsaiti geri qaytarmamışdır. Göstərilən xüsusatlara əsasən Şəxs MMC tərəfindən Rusiya Federasiyasının Ticarət və Sənaye Palatası yanında X1 Məhkəməsinə müraciət edilmişdir. İşin bu halı iddia ərizəsi və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 1800-M-64/972 saylı məktubu ilə təsdiqin tapır. Göründüyü kimi inzibati orqan tərəfindən barəsində protokol tərtib edilən hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, yuxarıda qeyd olunan xüsusatlar araşdırılmamışdır. Halbuki, iş üzrə icraatın başlanması barədə inzibati xətaya dair protokol tərtib edilməmişdən əvvəl, icraatın başlanmasının səbəb və əsasları müəyyən edilməli, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmalıdır. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur (İnzibati Xətalar Məcəlləsinin 100.2 və 100.4-cü maddələri). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə sənədlər inzibati xəta haqqında işə dair obyektiv nəticəyə gəlinməsi yetərli olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 43, 106-109-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar