Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-510/2023 06.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 və Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X4 iştirakı ilə Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X4 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X4 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində özünə məxsus idarə etdiyi “Mercedes Benz E200” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Tovuz rayonu Aşağı Öysüzlü kəndində M.Musayev küçəsində hərəkətdə olarkən guya ara məsafəsi saxlamadığına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi, habelə yol hərəkəti qaydalarını pozan nəqliyyat vaistəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə isə həmin Məcəllənin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Sözügedən qərardan narazıdır. Tərtib edilmiş protokolda da narazılığını bildirmişdir. Çünki hərəkətdə olan zaman avtomobil onun qarşısına ani çıxaraq əyləcdən istifadə etmiş və ona imkan verməmişdir ki, hərəkət etsin. Nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə gələn inspektor isə qarşı tərəfin heç bir sənədinə baxmadan onun sənədlərini aparıb getmişdir. Məlum yol-nəqliyyat hadisəsi zamanı yalnız avtomaşına maddi ziyan dəymişdir ki, bunun da günahı onda deyil. Hesab edir ki, bütün bunlar sözügedən qərarın ləğvi üçün əsasdır. Lakin bunlar qərar qəbul edilərkən nəzərə alınmamışdır. Odur ki, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X5 şikayətin dəlillərini müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hadisə yerindən yayınmamışdır. Sadəcə olaraq uşağı xəstə olduğundan hadisə yerindən dərhal evə getmişdir. Elə hadisənin törədilməsinə də əsas bu hal olmuşdur. Çünki təcili evə getməli idi. Evdə gedib uşağının vəziyyətinin normal olduğunu gördükdən sonra özü hadisə yerinə qayıtmışdır. Həmin vaxt Tovuz şəhəri, H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxladılmışdır. Çünki qarşı tərəf artıq Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. Hansı ki, özü də elə hadisə yerinə gəlmək niyyətində olmuşdur. Bir sözlə hadisə yerindən yayınması onun iradə ifadəsinə uyğun olaraq qəsdən həyata keçirilməmişdir. Səbəb övladının səhhətinin normal olmaması olmuşdur. Həmçinin qarşısındakı avtomobil ani saxladığı üçün yol nəqliyyat hadisəsi baş vermişdir. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X7 şikayətin dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, “Vaz 21725” minik markalı ** ZL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Tovuz-Əlibəyli yolunun 2-ci kilometrliyində Aşağı Öysüzlü kəndindən keçən hissəsində yerləşən “İnam” petrol yanacaq doldurma məntəqəsinin yaxınlığında üzü Əlibəyli kəndi istiqamətində hərəkətdə olan vaxtı arxadan sürətlə gələn “Mercedes Benz E200” minik markalı ** GT *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü düzgün məsafə seçməyərək həmin avtomobili arxa hissədən vurmuşdur. Yol nəqliyyat hadisəsi üzrə xəsarət alan olmamış, yalnız avtomobillərə ziyan dəymişdir. Hadisə zamanı “Mercedes Benz E200” minik markalı ** GT *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən yayınmış, bunu isə izahatında uşağının xəstə olması ilə əlaqələndirmişdir. Məhz bu əsasa görə sürücü Samir Abdullayev barəsində sözügedən qərar qəbul edilmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh verilməsi haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi üzrə başlanmış inzibati icraata xitam verilməli və X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində qeyd olunan inzibati xətanın törədilməsinə təqsirli bilinərək həmin maddənin sanksiyası çərçivəsində cərimə edilməlidir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. İş materialları araşdırılan zaman müəyyən edilir ki, X3 cərimə yazılmasına əsas İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-ci maddələri olmuşdur. İlk növbədə cərimənin tətbiq edildiyi 327.6-cı maddənin nəzərdən keçirilməsini məhkəmə zəruri hesab edir . İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Qərardan şikayət vermiş şəxsin inzibati qaydada cərimə edilməsi üçün həqiqətən də qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqin tapmalıdır. Bir sözlə qərarı qəbul etmiş orqan sübuta yetirməlidir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən inzibati xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrində qeyd olunmuşdur ki, məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Qərardan şikayət vermiş şəxs qeyd olunan halı belə izah etmişdir ki, onun niyyəti hadisə yerindən yayınmaq olmamışdır. Sadəcə olaraq uşağı xəstə olduğu üçün hadisə yerində dayanmamış və dərhal evə getmişdir. Elə onun xəta törətməsinə əsas da evə uşağının yanına təcili getməli olması olmuşdur. Evə gedib uşağının vəziyyətinin normal olduğunu gördükdən sonra hadisə yerinə qayıtmış, lakin qarşı tərəf Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdiyi üçün yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu izahat onun tərəfindən həm məhkəmə iclasında, həm də polisdə araşdırılma aparılan zaman verilmişdir. İnzibati xətanın anlayışından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə diqqətə çatdırır ki, baş vermiş yol nəqliyyat hadisəsində “Mercedes Benz E200” minik markalı ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Samir Abdullayevin hadisə yerindən qəsdən yayınması halı iş materialları ilə təsdiqin tapmır. Çünki, o həm polisdə araşdırılma aparılan zaman izahatında, həm də məhkəmə iclasında izahatında hadisə yerindən yayınmasının uşağının xəstə olması ilə izah etmişdir. Məhkəmə onun bu izahatına səmimi yanaşır və hesab edir ki, göstərilən xəta üzrə qəsdən edilmiş hərəkət yoxdur. Hansı ki, bu qəbildən olan inzibati xəta yalnız qəsdən edilə bilər. Təsadüfi deyildir ki, İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Belə olan halda yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün həqiqətən də qəsdən yol nəqliyyat hadisəsi yerindən yayınmasından ibarət inzibati xəta törətmiş olması yetərli sübutlarla təsdiq olunmamış hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, yol patrul xidmətinin əməkdaşı tərəfindən Samir Abdullayev barəsində qərar qəbul edilən zaman göstərilən inzibati xəta üzrə gəlinmiş nəticənin təsdiqi yetərli sübutlarla təsdiq edilməmişdir. Qeyd olunmalıdır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75- 82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, Samir Abdullayevin əməlində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində qeyd olunan inzibati xətanın tərkibi vardır. Çünki onun tərəfindən “Vaz 21725” minik markalı ** ZL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Tovuz-Əlibəyli yolunun 2-ci kilometrliyində Aşağı Öysüzlü kəndindən keçən hissəsində yerləşən “İnam” petrol yanacaq doldurma məntəqəsinin yaxınlığında üzü Əlibəyli kəndi istiqamətində hərəkətdə olan sürətinin azaldılması görülmüş, lakin məsafə az olduğu üçün idarə etdiyi avtomobili saxlaya bilməyərək arxa hissədən həmin nəqliyyat vasitəsini vurmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. Həmin Qanunun 6-cı maddəsinin İİ bəndinin 1-ci hissəsinə görə yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxsin vəzifəsidir. Həmin Qanunun 50-ci maddəsinin İİİ bəndində göstərilmişdir ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində qeyd olunmuşdur ki, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Samir Abdullayev tərəfindən verilmiş şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi üzrə başlanmış inzibati icraata xitam verilməli və X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində qeyd olunan inzibati xətanın törədilməsinə təqsirli bilinərək həmin maddənin sanksiyası çərçivəsində cərimə edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.2-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul oluna bilər. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; (İnzibati Xətalar Məcəlləsinin 135.1, 135.1.2 və 135.1.5-1-ci maddələri). Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X4 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi üzrə başlanmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində qeyd olunan inzibati xətanın törədilməsində təqsirli bilinsin və həmin maddənin sanksiyası çərçivəsində 40 (qırx) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-510/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-510/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver