Məhkəmə qərarları › İş №3(062)-510/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-510/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-510/2025 18.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, şikayətçi X1, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Tovuz RPŞ-nin əməkdaşı X2 iştirakı ilə, X1 AR DİN Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7356071 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7356071 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin hadisə onun təqsiri ucbatından olmamışdır. Hadisə baş verən yerdə heç olmamışdır. Vurulmuş inək onun oğlunun olmuşdur. Hadisəni törədən şəxs Azər adlı şəxs olmuşdur. Onun bu hərəkəti ucbatından mənim evimdə qonaq olan az yaşlı X6 başından ağır xəsarət almışdır, bir neçə gündür ki, qusması dayanmır, başından ağır xəsarət almışdır. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək eyniməzmunlu izahat vermişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Tovuz RPŞ-nin əməkdaşı X4 izahatında bildirmişdir ki, hadisədən sonra heyvanı otaran şəxsi müəyyən edə bilməmiş, telefon zənginə X3 cavab veridiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonradan məlum olmuşdur ki, inzibati xətanı törədən şəxs onun övladıdır. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, AR DİN Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7356071 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün AR DİN Baş Dövlət Yol İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP7356071 nömrəli qərarından görünür ki, X3 At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə və mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə AR İXM-nin 338.5.2, 338.5.3 və 338.5.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 338.5-ci maddəsinə əsasən At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində olan xx.xx.2025-ci il tarixli, TP7356071 nömrəli qərar qəbul edilərkən kifayət qədər sübuta istinad edilməmiş, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün AR DİN Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı X4 tərəfindən xx.xx.2025-ci il tarixli, TP7356071 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, inzibati xətanın kimin tərəfindən törədilməsinə dair sübutlar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İ̇nzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, AR DİN Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7356071 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün AR DİN Tovuz Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2, 338.5.3 və 338.5.5-ci maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair AR DİN Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7356071 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün dair AR DİN Tovuz Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar