Məhkəmə qərarları › İş №3(062)-511/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-511/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-511/2023 06.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 və Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X3 iştirakı ilə, Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan barəsində tənbeh tətbiq edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantıX4tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraat xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində etibarnamə ilə idarə etdiyi «Daewo Nexia» minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Tovuz şəhəri, M.Musayev küçəsində hərəkətdə olarkən guya ara məsafəsi saxlamadığına görə İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulan yol nəqliyyat hadisəsi törətmişdir. Sözügedən qərardan narazıdır. Tərtib edilmiş protokolda da narazılığını bildirmiş və qeydlər aparmışdır. Əvvəla həmin gün saat 19:30 deyil, saat 18:45 olmuşdur. İkincisi hərəkət edərkən yolun sağ hissəsində saxlamış «VAZ 2101» minik markalı maşın 15 metr qalmış sol tərəfdən onun qarşısına çıxmış və hazırki hadisə baş vermişdir. Hadisə yerinə gələn inspektor qarşı tərəfin heç bir sənədinə baxmadan onun sənədlərini aparıb getmişdir. Hesab edir ki bütün bunlar sözügedən qərarın qərarın ləğvi üçün əsasdır. Lakin bunlar qərar qəbul edilərkən nəzərə alınmamışdır. Həmçinin həmin maşını təmir etdirmək istədiyini də bildirmişdir. Odur ki, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, avtomobil onun qarşısında dərhal çıxmışdır. Çünki o öz avtomobili ilə hərəkətdə olan zaman həmin avtomobil yolun sağ hissəsində hərəkətsiz halda dayanmışdır. O çatan zaman isə qarşısına çıxmışdır. Bu halda ara məsafəsindən söhbet gedə bilməz. Odur ki, şikayətin təmin edilərək qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X4 şikayətin dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, həm «Daewo Nexia» minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobil, həm də «VAZ 2101» minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil hər ikisi Tovuz şəhəri, Mərdan Musayev küçəsində üzü Hunanlar kəndi istiqamətində hərəkətdə olmuşlar. «VAZ 2101» minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil daha öndə, «Daewo Nexia» minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobil isə onun ardı ilə hərəkətdə olmuşdur. Öndə olan «VAZ 2101» minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sola dönmə siqnalından istifadə edərək donmə əməliyyatını həyata keçirən zaman arxadan gələn «Daewo Nexia» minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü düzgün məsafə seçmədiyi üçün yol-nəqliyyat hadisəsi törətmişdir. Bu barədə video görüntü də vardır və məhkəməyə təqdim edilmişdir. Məhz bu əsasa görə sürücü İsmayıl Məmmədov barəsində sözügedən qərar qəbul edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantıX4tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X2 araməsafəsi qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə ilə 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. Həmin Qanunun 6-cı maddəsinin İİ bəndinin 1-ci hissəsinə görə yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxsin vəzifəsidir. Həmin Qanunun 50-ci maddəsinin İİİ bəndində göstərilmişdir ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. İş materialları ilə müəyyən edilir ki, X2 tərəfindən «Daewo Nexia» minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Tovuz şəhəri, Mərdan Musayev küçəsində üzü Hunanlar kəndi istiqamətində hərəkətdə olan zaman ara məsafəsini düzgün seçməyərək qarşısında hərəkətdə olan «VAZ 2101» minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sola dönmə siqnalından istifadə edərək dönmə əməliyyatını həyata keçirən zaman həmin nəqliyyat vasitəsini arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. İşin qeyd olunan halı inzibati qərarı qəbul etmiş orqan tərəfindən təqdim olunan video görüntü materialları ilə təsdiqin tapır. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində qeyd olunmuşdur ki, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlərə sübut kimi qiymət verilərək müəyyən edilmişdir ki, yol patrul xidmətinin əməkdaşı tərəfindən şikayətçi barəsində protokol tərtib edilərkən və inzibati xəta haqqında qərar qəbul edilərkən qanun pozuntusuna yol verməmiş, bütün prosedurlar qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, İsmayıl Məmmədovun inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməməli və Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar