Məhkəmə qərarları › İş №3(062)-514/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-514/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-514/2024 27.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə Tovuz RPŞ-si DYPB-nin YNH üzrə inspektoru, polis baş leytenantı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.2001-ci il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, “X5” MMC-də sosial işçi kimi işləyən, müharibə iştirakçısı və İİİ qrup əlil olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 342.2.3 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz Rayon Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Tovuz Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə Tovuz RPŞ-dən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 342.2.3 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, Şəxs 18 iyun 2024-cü il tarixdə saat 00:18 radələrində Tovuz şəhəri ərazisində “VAZ-21074” minik markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq sistemindən düzgün istifadə etmədiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğu müəyyən edilmişdir. Bununla da Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək, izahatında protokolda qeyd edilən əməlləri törətdiyini və hazırda əməlindən peşman olduğunu, müharibə iştirakçısı olduğunu, İİİ qrup əlil olduğunu və bir daha eyni hərəkətlərə yol verməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatı və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatları və habelə inzibati materialda olan digər sənədlərlə Şəxs İnzibati Xətalar Məcəlləsinin 329.3, 342.2.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan qəbzdən görünür ki, Şəxs inzibati xətanı törədən zaman 1,880% sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs səmimi peşmançılığı və müharibə iştirakçısı olmaqla İİİ qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə yanaşı, həmçinin 329.3 və 342.2.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 329.3 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 339.1-1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Tovuz Rayon Polis X3 Polisi Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Tovuz Rayon Polis X3 Polisi Bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar