Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-523/2023 23.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1956-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, təqaüdçü, əlilliyi olmayan, Tovuz rayonu Xatınlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1512 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərinə riayət etməmiş və icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 bildirdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1512 saylı icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü Sevinc adlı uşağın Şəxs alınaraq X3 verilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədi qərəzli olaraq icra edilmir. Belə ki, onun tərəfindən uşağa təzyiq edilir və uşaq anasını istəmir. Uşaq psixoloqun iştirakı ilə dinlənilmiş və psixoloq da uşağa kənar təsir olduğunu bildirmişdir. Bundan başqa çağırışlara vaxtında gəlmir. Odur ki, barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, icra sənədinin icrasından yayınmır. Belə ki, onun tərəfindən uşaq icra şöbəsinə aparılmışdır. Hazırda icra şöbəsindədir. Uşağın özü anasına getmək istəmir, çünki daim onun tərəfindən baxılmış və qayğısına qalınmışdır. Uşağı verməkdən imtina etmir, əgər uşaq gedirsə elə bu anda da tələbkar onu apara bilər. Onun tərəfindən uşağa hər hansı kənar təsir edilmir. İcra sənədi üzrə onun üzərinə düşən uşağın tələbkara verilməsidir ki, uşağı gətirmişdir. Razıdır ki, icra məmuru tərəfindən uşaq anasına verilsin. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qətnamənin icrasından boyun qaçırır. Belə ki, onun tərəfindən uşağa təzyiq edilir və psixologiyası qarışdırılır. Nəticədə uşaq ona getmək istəmir. Halbuli, uşaqla normal ünsiyyətə girir və normal əlaqə qurur. Lakin nənəsinin kənar təsirindən sonra uşaq onunla getmək istəmir. Odur ki, Şəxs inzibati qaydada cərimə edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1512 saylı icra sənədindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Sevinc adlı uşağın Şəxs alınaraq X3 verilməsi qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərardan və həmin tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1512 saylı icra sənədi üzrə icraata başlanmış və borcluya 10 gün müddətində tələbi könüllü icra etməsi üçün vaxt verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun ifadə etdiyi mənadan belə nəticəyə gəlmək olur ki, göstərilən norma üzrə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş üzrə isə məhkəmə göstərir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxsnən qətnamənin icrasından qərəzli şəkildə yayınması halı yoxdur. Belə ki, icra sənədi üzrə onun yerinə yetirəcəyi vəzifə xx.xx.2014-cü il təvəllüdlü Sevinc adlı uşağın anasına verilməsindən ibarətdir. Hansı ki, borclu tərəfindən uşaq icra şöbəsinə təqdim edilmiş və hazırda da oradadır. Lakin uşaq anasına getmək istəmir. İddia edilən hal uşağa borclu tərəfindən psixoloji təsir edilməsidir ki, bu barədə psixoloqun rəyi təqdim edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, göstrilən hal borclunun qətnaməsin icrasından yayınması demək deyildir. Eyni zamanda qeyd olunan dəlil mötəbər sübutlarla təsdiqin tapmamışdır. Belə olan halda borclunun qətnamənin icrasından qərəzli olaraq yayınması nəticəsinə gəlinməsi qanunamüvafiq olmaz. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs qətnamənin icrasından qərəzli olaraq yayınmasını müəyyən etmək mümkün deyildir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-523/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-523/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver