Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-53/2024 30.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ŞəxsMMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada toplanmış inzibati iş üzrə materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ŞəxsMMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Tovuz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati işin baxılmağa hazırlanması zamanı inzibati materialın aidiyyəti üzrə düzgün göndərilmədiyi müəyyən edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 43, 44 və 110-cu maddələrində inzibati xətalar haqqında işlərin aidiyyət məsələləri müəyyən edilmiş, Məcəllənin 106.0.1, 109.1.7, 112.4, 114.3 və 134.1.5-ci maddələri isə işə aidiyyəti üzrə baxılmasını təmin etmək üçün hüquqi vasitələr nəzərdə tutmuşdur. İnzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyəti pozulduqda isə Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Gömrük Məcəlləsinin 146.1 və 146.2-ci maddələrinə əsasən, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Qeyd edilməlidir ki, fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı – “Yaşıl kanal” və “Qırmızı kanal” - buraxılış sistemləri tətbiq olunur. “Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur. “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilir. Fiziki şəxsin mallarını “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi, onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmadığı və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir (Gömrük Məcəlləsinin 300.1, 300.2 və 304.1-ci maddələri). Oxşar tənzimləmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın (bundan sonra–Qaydalar) 1.2, 3.1- 3.4-cü bəndləri ilə də müəyyən edilmişdir. Beləliklə, qanunverici tərəfindən gömrük orqanlarına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamənin şifahi formada təqdim edilməsi (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) fiziki şəxslər üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi müəyyən edilmişdir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur (Gömrük Məcəlləsinin 113.1-ci maddəsi). Gömrük Məcəlləsinin 1.0.6-cı və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddələrinə görə, elektron sənəd elektron informasiya sistemlərində istifadə üçün elektron formada təqdim olunan və elektron imza ilə təsdiq edilmiş sənəddir. Elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir (Gömrük Məcəlləsinin 150.2-ci maddəsi və Qaydaların 2.3-cü bəndi). Gömrük bəyannaməsinin təqdim edilməsi qaydaları və müddəti Gömrük Məcəlləsinin 149-cu maddəsi ilə tənzimlənir. Belə ki, gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim oluna bilər. Bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində yazılı formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə şərait yaradan digər üsullarla da həyata keçirilə bilər. Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Bu Məcəllənin 149.3-cü maddəsində göstərilən müddət bəyannaməçi tərəfindən müvafiq sənədlərin və məlumatların toplanması üçün kifayət etmədikdə, onun əsaslandırılmış müraciəti əsasında gömrük orqanı həmin müddəti uzadır (Gömrük Məcəlləsinin 149.1- 149.4-cü maddələri). Oxşar tənzimləmə həmçinin Qaydalar ilə müəyyən edilmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Ayrı-ayrı sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilə bilmədiyi hallarda, bəyannaməçinin yazılı, o cümlədən elektron formada müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı, o cümlədən elektron formada öhdəlik təqdim edir (Gömrük Məcəlləsinin 150.5-ci maddəsi, Qaydaların 2.8-ci bəndi). Göründüyü kimi qeyd edilən inzibati xəta zəruri məlumatların verilməməsi ilə bağlıdır ki, hüquqi şəxs həmin öhdəliyi istər qeydə alındığı hüquqi ünvan üzrə, istərsə də, gömrük postunda, yəni “Qırmızı-Körpü” postunda icra edə bilərdi. Öhdəliyuin həmin ərazilərdə icra edilməməsi ilə də inzibati xəta hadisəsi bitmiş hesab edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi gömrük ərazisində, yəni Qırmızı-Körpü gömrük postunda baş verdiyindən iş aidiyyəti üzrə baxılması üçün həmin ərazidə yerləşən məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, ŞəxsMMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında inzibati xəta haqqında protokol aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ŞəxsMMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada toplanmış inzibati iş üzrə material aidiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-53/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-53/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver