Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-531/2024 24.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 21734492 nömrəli elektron qərardan barəsində qərar qəbul edilmiş şəxs X1 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli, EQ 21734492 nömrəli inzibati xəta barədə elektron qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, inzibati xəta haqqında qərarda onun İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi göstərilmiş, lakin barəsində 300 manat miqdarında inzibati cərimə tətbiq edilmişdir. Hansı ki, sürüclülük hüququnun məhdudlaşdırılması üzərindən götürülmüşdür. Odur ki, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Barəsində qərar qəbul edilmiş şəxs və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli elektron qərardan görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün inzibati orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarından aydın olur ki, şəxsə inzibati cərimənin tətbiq edilməsinin əsası onun sürət həddini aşmasıdır. Həqiqətən də elektron informasiya sistemində olan məlumatlardan aydın olur ki, şəxs Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 98-ci km-də ərazidə olan sürət həddi 60 km/saat olmasına baxmayaraq “Kia Optima” minik markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 82 km/saat sürətlə hərəkətdə olmuşdur. Bu işin mübahisə olunmayan halıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində müəyyən edilmişdir ki, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Maddənin sanksiyasından görünür ki, şəxsin əməli üzrə tətbiq ediləcək inzibati cərimə 50 manat məbləğdə olmalıdır. Lakin qərar üzrə şəxs 300 manat cərimə edilmişdir. Bunun hansı əsaslardan olması isə qərardan müəyyən edilmir. Bir sözlə qərar özlüyündə ziddiyyətlidir. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (İnzibati Xətalar Məcəlləsinin 5.1 və 5.2-ci maddələri). İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (İnzibati Xətalar Məcəlləsinin 12.1ci maddəsi). İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin pozulması ilə aparılmışdır. Yəni işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Məhkəmə hesab edir ki, mövcud durumda mübahisələndirilən qərarın ləğv edilməsi və törədilmiş inzibati xətanın yenidən araşdırılması üçün həmin orqana qaytarılması qanuni olar. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 130, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 21734492 nömrəli elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-531/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-531/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver