Məhkəmə qərarları › İş №3(062)-534/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-534/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-534/2023 04.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Mülkülü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin cra məmuru X19 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(062)-567/2023 nömrəli icra sənədi üzrə yaranmış 6600 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya icra məmuru X19 protokolu müdafiə edərək göstərdi ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-567/2023 nömrəli icra sənədi əsasında 2382 manat borc pul, qızıl-zinət və cehiz əşyaları, həmin əmlaklar naturada mövcud olmadıqda isə onların dəyəri və 96 manat dövlət rüsumu X4, X7 və X3 müştərək qaydada alınaraq X14 verilməsi qət olunmuşdur. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Hazırki vaxta kimi borclu tərəfindən icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki o, icra sənədinin icrasından yayınmamışdır. Belə ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-567/2023 nömrəli icra sənədi əsasında 2382 manat borc pul, qızıl-zinət və cehiz əşyaları, həmin əmlaklar naturada mövcud olmadıqda isə onların dəyəri və 96 manat dövlət rüsumu ondan, X4 və X7 müştərək qaydada alınaraq X14 verilməsi qət olunmuşdur. İcra sənədi üzrə borclu X11 “Uğurlu” şadlıq sarayında ofisiant işləməklə 345 manat məbləğində əməkhaqqı alır. Bundan başqa Razəddin Zeynalovun adına “VAZ 21051” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşın vardır. Lakin borclu Razəddin Zeynalovun adına avtomaşın və əməkhaqqısı olmasına baxmayaraq, icra məmuru onun barəsində inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Göründüyü kimi o, icra sənədinin icrasından boyun qaçırmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-567/2023 nömrəli icra sənədi əsasında 2382 manat borc pul, qızıl-zinət və cehiz əşyaları, həmin əmlaklar naturada mövcud olmadıqda isə onların dəyəri və 96 manat dövlət rüsumu X4, X7 və X3 müştərək qaydada alınaraq X14 verilməsi qət olunmuşdur. “İcraata başlama haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-567/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası barədə” xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, X6 Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-567/2023 nömrəli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Həmin bildiriş X8 tərəfindən rəsmi qaydada əldə edilmişdir. İş materiallarında olan elektron icra sistemindən əldə olunan çıxarışdan görünür ki, X2 Səhman Şahniyar oğlu tərəfindən ofisiant kimi işə götürülməklə 345 manat əmək haqqı alır və adına “VAZ 21051” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşın vardır. İş materiallarında olan elektron icra sistemindən əldə olunan çıxarışdan görünür ki, X12 adına “Ford Transit” mikroavtobus markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomaşın vardır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun ifadə etdiyi mənadan belə nəticəyə gəlmək olur ki, göstərilən norma üzrə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş üzrə isə məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs X5 qətnamənin icrasından qərəzli şəkildə yayınması halı yoxdur. Belə ki, borclu Razəddin X1 tərəfindən ofisiant kimi işə götürülməklə 345 manat əmək haqqı alır və adına “VAZ 21051” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşın vardır. Həmçinin digər borclu Rasim Zeynalovun adına “Ford Transit” mikroavtobus markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomaşın vardır. Lakin icra məmuru icra sənədi üzrə yaranmış borcun icrası ilə bağlı borclunun əməkhaqqısına tutma yönəltməmiş, nə də borcluların mülkiyyətində olan avtomobillərlə bağlı hər hansı məcburi icra hərəkətləri həyata keçirməmişdir. Nəzərə almaq lazımdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun Məcburi icra tədbirlərindən bəhs edən 43.1-ci maddəsində göstərilmişdir ki, Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Göründüyü kimi icra məmuru tərəfindən qanunla müəyyən edilmiş müddətlərdə yuxarıda qeyd olunan tədbirlər həyata keçirilməmişdir. Buna baxmayaraq hazırda borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, göstərilən tədbirlər vaxtında həyata keçiriləcəyi halda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə müvafiq olaraq protokolun tərtib edilməsi zərurəti aradan qalxmış olacaqdı. Həmçinin borclu xx.xx.2023-cü il tarixdə icra məmuruna verdiyi izahatda və məhkəmə iclasında verdiyi izahatında icra sənədinin icrasından boyun qaçırmaq kimi niyyətinin olmamasını bildirərək, borcunu ödəyəcəyini bildirmişdir. Ödəmənin təminatı kimi isə borclu Razəddin Zeynalovun əməkhaqqısının və adına avtomaşının olmasını göstərmişdir. Hansı ki, icra məmuru məcburi icra tədbirləri kimi həmin əmlaka həbs qoya və tələbi həmin əmlaka yönəldə bilərdi. Elektron icra sistemindən əldə olunmuş çıxarışla borclu Razəddin Zeynalovun 345 manat əməkhaqqısının və adına avtomaşının olması öz təsdiqini tapır. Həmçinin digər borclu Rasim Zeynalovun adına “Ford Transit” mikroavtobus markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomaşın vardır. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qətnamənin icrasından üzrsüz səbəblərdən yayınması nəticəsinə gəlinməsi qanunamüvafiq olmaz. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən X5 qətnamə üzrə borcunu qərəzli olaraq ödəməkdən yayınmasını müəyyən etmək mümkün deyildir. Əksinə borcluların mülkiyyətində olan avtomaşınların satılaraq borcunu ödəmək niyyətinin olması və borclu Razəddin Zeynalovun əməkhaqqısından aylıq yarısının tutulmasına etiraz etməməsi kimi hallar icra sənədi üzrə onun qərəzlilik faktını təkzib edir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar