Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-536/2023 12.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Tovuz rayonu Qalaboyun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Qalaboyun kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-295/2023 saylı icra sənədi üzrə yaranmış 1400 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, protokol tərtib olunan vaxt Şəxs icra sənədi üzrə borcu 1400 manat məbləğdə olmuşdur. Hazırda onun tərəfindən icra sənədi üzrə olan 1400 manat borcundan 200 manatını ödəmiş, 1200 manat borcu isə ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, hazırda işləmir, günəmuzd fəhləlik edərək ehtiyaclarını qarşılayır. İcra sənədi üzrə onun tələbkar X2 1400 manat borcu olmuşdur. Hazırda o, tələbkara 200 manat ödəniş etmiş və qətnamənin icrasından yayınmamışdır. Geri qalan 1200 manat borcunu isə qısa zaman ərzində ödəyəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-295/2023 saylı icra sənədindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı ildə anadan olmuş Minayənin, xx.xx.2007-ci ildə anadan olmuş Minarənin, xx.xx.2008-ci ildə anadan olmuş Fizulinin və xx.xx.2010cu ildə anadan olmuş Mürsəlin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşaq üçün 100 manat, cəmi 400 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməsi qət edilmişdir. Göründüyü kimi borclu icra sənədinin icrasından üzrsüz səbəbdən boyun qaçırmamış, işsiz olduğundan hər ay borcunu tamamilə ödəyə bilməmiş, lakin borcundan hissə-hissə ödəniş etmişdir. Borclu hazırda tələbkara 200 manat ödəniş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun ifadə etdiyi mənadan belə nəticəyə gəlmək olur ki, göstərilən norma üzrə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş üzrə isə məhkəmə göstərir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs qətnamənin icrasından qərəzli şəkildə yayınması halı yoxdur. İcra sənədi üzrə onun tələbkar X2 1400 manat borcundan hazırda 200 manat ödəmiş, geri qalan borcunu tez bir zamanda ödəyəcəyini bildirmiş və qətnamənin icrasından yayınmamışdır. Belə olan halda borclunun qətnamənin icrasından üzrsüz səbəbdən yayınması nəticəsinə gəlinməsi qanunamüvafiq olmaz. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının üzrsüz səbəbdən icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs qətnamə üzrə borcunu qərəzli olaraq ödəməkdən yayınmasını müəyyən etmək mümkün deyildir. Əksinə onun icra sənədi üzrə icra etdiyi ödənişlərin olması qərəzlilik faktını təkzib edir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-536/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-536/2023
12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver