Məhkəmə qərarları › İş №3(062)-542/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-542/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-542/2025 23.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, müdafiəçi X5 və tələbkar X1 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Tovuz rayonu, İbrahimhacılı kəndində qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon icra və probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(62)-1486/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən başlanmış icra işi üzrə 4445 (dörd min dörd yüz qırx beş) manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X7 bildirdi ki, hazırda Tovuz Rayon Məhkəməsinin 2(062)-1386/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs X2 4445 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs İİİ dərəcə əlildir, danışıq-eşitmə qüsurludur və aliment borcu onun pensiya kartına yönəldilib, hər ay pensiyasından 105 manat tutulur. Tutulan 105 manatdan əlavə 40 manatda ödəniş edir. Qeyd edilənlərə əsasən, məhkəmədən qanunamuvafiq qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X3 izahatında Şəxs 2 övladının saxlanılması üçün aylıq cəmi 145 manat ödəniş etdiyini, özünün isə övladlarına baxmağa çətinlik çəkdiyini bildirdi. Qeyd edilənlərə əsasən, məhkəmədən qanunamuvafiq qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi X8 izahatında bildirdi ki, Şəxs danışmaq və eşitmə qabiliyyəti yozdur, İİİ dərəcəli əlildir və onun əlliklə bağlı pensiyasının 70 faizi aliment borcuna görə tutulur. Əməldə inzibati xəta tərkibi olmadığından, Şəxs barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 1486/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs ilə ərizəçi X1 arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi alimentə dair hissədə təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmə halı müəyyən edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar