Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-543/2023 18.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra ŞəxsMMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən toplanılmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən ŞəxsMMC barədə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, həmin MMC xx.xx.2023-cü il tarixli İD********** və xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciətlərlə idxal olunmuş qida məhsulları barədə Bakı RB-də qəbul olunmuş xx.xx.2023-cü il tarixli 189/FN və xx.xx.2023-cü il tarixli 199/FN nömrəli qərarlar icra olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ŞəxsMMC barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddə ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 544.2-ci maddəsi istehlakçılarının hüquqlarının müdafiəsini özündə ehtiva edir. Yəni, bu maddə ilə məsuliyyət o halda yaranır ki, istehlakçının hüquqları pozulmuş olsun. Bu növ inzibati münasibətlərin pozulması isə İXM-nin 447-ci maddəsində sadalanmış inzibati xəta tərkiblərini yaradır. Odur ki, məhkəmə hesab edir ki, şəxs həmin maddə ilə inzibati məsuiyyətə cəlb edilmədən İXM-nin 544.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyət o halda yaranır ki, istehlakçıların hüquqları pozulmuş olsun, yəni şəxsin əməlində həm də İXM-nin 447-ci maddəsində sadalanmış inzibati xətanın tərkibi mövcud olsun. Buna baxmayaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən ŞəxsMMC barədə yalnız İXM-nin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 mart 2015-ci il tarixli qərarında sərgilənmiş hüquqi mövqe ondan ibarətdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsas şərti səlahiyyətli orqan tərəfindən protokolun tərtib edilməsidir. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını və inzibati araşdırmanın keçirilməsini təsdiqləyən əsas element inzibati protokolun mövcudluğudur. İnzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) vacib prosessual sənəddir. Belə ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol (prokurorun qərarı) əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil. Odur ki, məhkəmə hesab edir ki, işdə şəxsin İXM-nin 447-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini, yəni istehlakçı hüququnun pozulmasını təsdiq edən inzibati xəta haqqında protokol olmadığından, istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə məsuliyyət nəzərdə tutan inzibati xəta haqqında protokolun da hüquqi qüvvəsi mövcud olmayacaqdır. Buna baxmayaraq məhkəmə İXM-nin 544.2-ci maddəsi üzrə ayrıca hüquqi dəyərləndirilmə aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 12 may 2023-cü il tarixli, 199/FN nömrəli Qərarı ilə,
1. ŞəxsMMC-nin xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında Türkiyə Respublikasından idxal olunan 21910 kq portağal məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir.
2. Həmin məhsul partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10(on)gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasdı təmin edilsin və ya sirayətlənmiş məhsul fitosanitar təhlükəsizlik qaydalarına əməl edilməklə regional bölmələrinin müfəttişlərinin nəzarəti altında emala göndərilsin.
3. Bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10(on)gün ərzində məhv edilsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 08 may 2023-cü il tarixli, 189/FN nömrəli Qərarı ilə,
1. ŞəxsMMC-nin xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında İoran İslam Respublikasından idxal olunan 23100 kq portağal məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir.
2. Həmin məhsul partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10(on)gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasdı təmin edilsin və ya sirayətlənmiş məhsul fitosanitar təhlükəsizlik qaydalarına əməl edilməklə regional bölmələrinin müfəttişlərinin nəzarəti altında emala göndərilsin.
3. Bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10(on)gün ərzində məhv edilsin. Göründüyü kimi ŞəxsMMC barədə İXM-nin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol yuxarıda qeyd edilən qərarların icra olunmamasına görə tərtib edilmişdir. Şəxs o halda İXM-nin 544.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilər ki, o istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməsin. İş materiallarından, o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin rəisinin qəbul etdiyi qərarlardan göründüyü kimi həmin qərarların 2-ci bəndi icra edilmədiyi təqdirdə inzibati məsuliyyət yaranır. Həmin qərarların 2-ci bəndləri isə 2 hissədən ibarətdir. Yəni, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarların hər hansı formada icra edilməməsi gərəkdir. Qərarın 2-ci bəndinin hər iki hissələrinə nəzərə salınmasını məhkəmə zəruri hesab edir. Qərarın 2-ci bəndinin İ hissəsi: Həmin məhsul partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10(on)gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilsin. Qərarın 2-ci bəndinin İİ hissəsi: Və ya sirayətlənmiş məhsul fitosanitar təhlükəsizlik qaydalarına əməl edilməklə regional bölmələrinin müfəttişlərinin nəzarəti altında emala göndərilsin. Göründüyü kimi bəndlərin hissələri arasında bölüşdürmə bağlayıcı olan “və ya” bağlayıcısından istıfadə edilmişdir ki, həmin bəndin hər hansı bir hissəsinin icra edilməsi şəxsi digər hissəyə olan inzibati məsuiyyətdən azad edir. Məhkəmə Qərarın 2-ci bəndinin İİ hissəsi ilə bağlı hüquqi dəyərləndirilmə aparılmasını zəruri hesab edir.Belə ki, şəxsin qərarın birinci bəndinin birinci hissəsi icra edilmədiyi təqdirdə, yəni məhsul partiyasının qərarın hüquqi qüvvəyə mindiyi gündən 10(on)gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilmədiyi təqdirdə, ikinci hissəsinin aktuallığı ortaya çıxmış olur. Yəni, sirayətlənmiş məhsul fitosanitar təhlükəsizlik qaydalarına əməl edilməklə regional bölmələrinin müfəttişlərinin nəzarəti altında emala göndərilir. Göründüyü kimi Qərarın həmin hissəsi regional bölmələrinin müfəttişlərinin nəzarəti altında mümkündür. İş materiallarında isə regional bölmələrinin müfəttişlərinin nəzarəti altında qərarın qeyd edilən hissəsinin icra edilməsinə maneələrin mövcud olmasına dair sübutlar əlavə edilməmişdir. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə hesab edir ki, sirayətlənmiş məhsulun fitosanitar təhlükəsizlik qaydalarına əməl edilməklə regional bölmələrinin müfəttişlərinin nəzarəti altında emala göndərməklə İXM-nin 2-ci maddəsində nəzərdə tutulmuş qaydada əhalinin sanitariya-epidemioloji salamatlığı ilə bağlı məqsədlərə çatmaq mümkündür. Bu halda isə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərinə, o cümlədən 4-cü maddədə təsbit edilmiş ədalətlilik prinsipinin mahiyyətinə zidd olmuş olardı. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, ŞəxsMMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: ŞəxsMMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zaur Hünmətov