Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-545/2025 04.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə Qərardan şikayət vermiş X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 14 iyul 2025-ci il tarixli, EQ 29257479 saylı qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsinə Tovuz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Tovuz rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Mərkəzi informasiya Sistemi tərəfindən onun barəsində qəbul olunmuş «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 14 iyul 2025-ci il tarixli, EQ 29257479 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyinin (DİN) BDYP-nin mərkəzi informasiya sistemi tərəfindən 14 iyul 2025-ci il tarixli, EQ 29257479 saylı inzibati xəta haqqında qərar çıxarılmışdır. Bu qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1200 manat məbləğində cərimə edilmişdir. İnzibati qərarda qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə görə isə bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə 1200 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Lakin onun idarə etdiyi avtomaşının yüklə birlikdə icazə verilmiş maksimum kütləsi 18 ton olmasına baxmayaraq, onun barəsində cərimə tətbiq edilərkən isə yüklə birlikdə avtomaşının faktiki çəkisi 17,63 ton olmuşdur. Bu barədə şikayətinə müvafiq sənəd də əlavə edilmişdir. Qeyd etmək lazımdır ki, inzibati xəta Ucar rayonunda baş vermişdir. Lakin daha sonra Qaradağ rayonunda həmin avtomaşın tərəzidən keçmiş və artıq çəki müəyyən edilməmişdir və avtomaşının çəkisinin 17,63 ton olması məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayət ərizəsini müdafiə edərək, ona uyğun izahat verərək izahatında göstərdi ki, o, müxtəlif yerlərdən yük götürərək həmin yükü Bakı şəhərində yerləşən “Meyvəli” adlı yerə aparırmış və bu zaman o, Ucar rayon ərazisində yerləşən elektron tərəzidən keçən zaman ona SMS bildiriş vasitəsilə barəsində inzibati tənbeh tətbiq edildiyi haqqında məlumat verilmişdir. Daha sonra bununla razılaşmayaraq, Qaradağ rayonu ərazisində yerləşən elektron tərəzidən keçən zaman isə onun çəkisi icazə verilmiş çəkidən, yəni 18 tondan az gəlmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 14 iyul 2025-ci il tarixli, EQ 29257479 saylı qərarının surətindən müəyyən olunur ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1200 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş elektron tərəzidən çıxarış əsasında müəyyən olunur ki, sürücü X1 idarə etdiyi ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixdə saat 02.03-də çəkisi 17,63 ton olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş materiallarını və şikayət vermiş şəxsin izahatını dinləyərək belə hesab edir ki, şikayət təmin edilməməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayət vermiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Qaradağ rayonunda elektron tərəzidən keçməsi barədə arayış məhkəməyə təqdim edilsə də, Ucar rayonu ilə Bakı şəhəri Qaradağ rayonu arasındakı məsafədə yükünü boşaltmadığını və həmin yüklə birlikdə Bakı şəhəri, Qaradağ rayonuna daxil olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə həmin məsafə və zaman kəsiyində şikayət vermiş şəxsin yükünü boşaltması və avtomaşının çəkisini azaltmağı üçün kifayət qədər imkanlarının olmasını nəzərə alaraq, qərarın qüvvədə qalmasını məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin «yol hərəkət qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında» 14 iyul 2025-ci il tarixli, EQ 29257479 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Tovuz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-545/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-545/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver