Məhkəmə qərarları › İş №3(062)-55/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-55/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-55/2025 21.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi Protokol tərtib etmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Tovuz rayonu Əsrik Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Əsrik Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-7360/2023 saylı icra sənədi üzrə olan borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək göstərdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(011)-7360/2023 saylı icra vərəqəsinə əsasən, 18 yanvar 2019-cu il təvəllüdlü X5 və 29 mart 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 200 manat, cəmi 400 (dörd yüz) manat məbləğində sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin 10 gün müddətində könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-7360/2023 saylı icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyinə görə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq Şəxs tənbeh olunduğu tarixdən bugünədək borcunu ödəməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-7360/2023 nömrəli qətnaməsi qüvvəyə mindiyi gündən Şəxs eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətdiyinə görə sonuncu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, heç bir yerdə işləmir və maddi vəziyyəti çox aşağıdır. İcra sənədi üzrə olan borcunu hissə-hissə hə ay ödəyir. Ondan qətnamə əsasında tutulmalı olan pul məbləğini birdəfəyə ödəməyə imkanı çatmır. Həmçinin o, tələbkarla alimentin ödənilməsi ilə razılıq əldə etmiş və sonuncu bu barədə ərizə vermişdir. Bununla yanaşı onun icra sənədi üzrə borcunu ödəməkdən yayınmaq kimi niyyəti yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-7360/2023 saylı icra vərəqəsinə əsasən, 18 yanvar 2019-cu il təvəllüdlü X5 və 29 mart 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 200 manat, cəmi 400 (dörd yüz) manat məbləğində sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-7360/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası barədə” xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-7360/2023 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Tələbkar Əhmədova (Quliyeva) Çiçək Mahir qızı ərizə verərək göstərmişdir ki, hazırda o, borclu Şəxs ilə alimentin ödənilməsilə bağlı razılaşmış və sonuncunun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun ifadə etdiyi mənadan belə nəticəyə gəlmək olur ki, göstərilən norma üzrə məsuliyyət o vaxt yaranır ki, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən 1 il ərzində eyni icra sənədinə münsaibətdə təkrar törədilmiş olsun. Yəni, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar edilmiş olsun. Məhkəmə onu qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi borclu Şəxs barəsində inzibati protokol tərtib edilmiş, bundan sonra tələbkar ərizə verərək alimentlə bağlı borclu ilə razılığa gəldiklərini bildirmiş və sonuncunun barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmədə qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs qətnamə üzrə borcunu üzrsüz olaraq ödəməkdən yayınmasını müəyyən etmək mümkün deyildir. Əksinə onun tələbkar ilə razılığa gəlməsi qərəzlilik faktını təkzib edir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar