Məhkəmə qərarları › İş №3(062)-573/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-573/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-573/2024 18.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X5 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan barəsində qərar qəbul edilmiş şəxs X8 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X8 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və ondan götürülmüş əşyaların ona qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-573/2024 saylı qərarına əsasən, şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmişinzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-573/2024 saylı qərarından apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(104)-433/2024 saylı qərarı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-573/2024 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz rayon Hunanlar kəndi ərazisində hərəkətdə olarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində İXM-nin 272.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, ona məxsus 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd elektrik gücləndirici, 1 ədəd nasos və 1 cüt rezin çəkmə olmaqla ləvazimatlar ondan alınmışdır. Hesab edir ki, onun barəsində tətbiq edilmiş inzibati cərimə qanunsuzdur. Belə ki, onlar balıq tutmağa getməmişlər. Bu halda inzibati xəta tərkibi yaranmır. Onlar Kür çayından 3-5 km uzaqlıqda olan zaman saxlanılmışlar, idarə olunan avtomaşından heç bir ovlanmış heyvan aşkar edilməmiş və sadəcə ov edilməsi üçün ləvazimatlar aşkar edilmişdir. Həmin ləvazimatları avtomaşında saxlanılma səbəbi isə icazə olanda ov edilməsi olmuşdur. Odur ki, hazırki şikayət ilə məhkəməyə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X8 məhkəmə iclasında şikayət ərizəsini müdafiə edərək, şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, ləvazimatlar maşında olsa da, həmin vaxt balıq ovu etməmişlər. Nə zaman icazələri olanda balıq ovunu onda edirlər. Avtomaşın və avtomaşında olan ləvazimatlar ona aid olmayaraq, onunla gedən qohumu X4 aiddir. Qohumu isə Bakı şəhərində yaşayır. O, kəndə qonaq gəlmişdir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında göstərdi ki, qərardan şikayət vermiş şəxs Habil Sərdarov ov qaydalarını pozmuşdur. Belə ki, Kür çayının yaxınlığında qeyd olunan qanunsuz ov alətləri ilə birlikdə aşkar edilmişlər. Ona görə də 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qanuni olaraq onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşa xx.xx.2024-cü il tarixdə bildiriş məktubu ünvanlanaraq, barəsində xx.xx.2024-cü il tarixdə inzibati tənbehvermə haqqında qərar çıxarılacağı ilə bağlı idarənin inzibati binasına dəvət edilmişdir. X8 etinasızlıq nümayiş etdirərək göstərilən vaxtda idarəyə gəlməmiş, nəticədə qanunvericiliyə uyğun olaraq, özünün iştirakı olmadan göstərilən tarixdə barəsində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Su bioresuslarının mühafizəsi məqsədilə keçirilən reyd zamanı Tovuz rayonu Hunanlar kəndinə yaxın keçən Kür çayının sol sahilində “OKA” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti müşahidə olunmuş, avtomobildə qanunsuz balıq ovu vasitələrinin olması şübhəsi ilə avtomobil saxlanılmış, avtomobildə olan X8 tərəfindən avtomobildə olan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd rezin çəkmə, 1 ədəd nasos, 1 ədəd akkumlyator və 1 ədəd qanunla qadağan olunan elektrik gücləndiricisi göstərilmişdir. Bundan sonra təqdim edilən ov vasitələri maddi sübut kimi götürülmüş və doğruluğu imzalarla təsdiq edilmişdir. Həmçinin, tərtib edilmiş akt Habil Sərdarov tərəfindən imzalanmışdır. İş materiallarının 25-ci səhifəsində olan X5 müvafiq qaydada təsdiq edilmiş izahatından görünür ki, 29 may 2024-cü il tarixdə gecə saatlarında “OKA” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmiş və onun tərəfindən təqdim edilmiş 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd rezin çəkmə, 1 ədəd nasos, 1 ədəd akkumlyator və 1 ədəd qanunla qadağan olunan elektrik gücləndiricisi ona məxsusdur. Həmin yerə balıq ovlamaq üçün getmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat inzibati cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, şikayət verən şəxsi və inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsini dinləyərək, işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında göstərilənlərə nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-573/2024 saylı qərarından verilmiş apellyasiya şikayəti əsasında işə baxan məhkəmə, həmin qərarı ləğv edərək göstərmişdir ki, X5 İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, şikayətçinin şikayətdə göstərdiyi dəlillər ətraflı yoxlanılmamış, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında daha sonra göstərilmişdir ki, X13 çayından 5 km uzaqda olarkən saxlanıldığını bildirmiş və iş materiallarında da onların saxlanıldığı yerin qadağan edilmiş əraziyə aid olması barədə sübut mövcud deyildir. Həmçinin ov ləvazimatlarının aşkarlandığı avtomobil Habil Sərdarova məxsus olmamış və o avtomobili idarə etməmişdir. Aşkar olunmuş əşyaların Habil Sərdarova məxsus olmasını təsdiq edən heç bir sübuta rast gəlinmir. Göründüyü kimi yeni məhkəmə baxışı zamanı məhkəmənin aydınlaşdırmalı bir neçə halların olmasını apellyasiya instansiya məhkəməsi qərarında göstərmişdir. Həmin hallar aşağıdakılardır:

1. X13 çayından 5 km uzaqda olarkən saxlanılmışdırmı və onların saxlanıldığı yer qadağan edilmiş əraziyə aiddirmi?

2. Ov ləvazimatlarının aşkarlandığı avtomobil Habil Sərdarova məxsus olmamış və o avtomobili idarə etməmişdir.

3. Aşkar olunmuş əşyaların Habil Sərdarova məxsus olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə aydınlaşdırmalı olan birinci bənddə göstərilənlərə bağlı onu qeyd edir ki, Habil Sərdarov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan verdiyi şikayətində göstərmişdir ki, o Kür çayından 3-5 km kənarda hərəkətdə olarkən saxlanılmışdır. Onun şikayətindən o da görünür ki, Habil Sərdarov balıq ovu ilə məşğul olan şəxsdir. Ovçuluq haqqında Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən müvafiq icazə olmadan ovçuluq təsərrüfatlarının ərazisində ov etmək, balıq ovlamaq və bu əraziyə ov alətləri ilə gəlmək qadağandır. İnzibati xəta haqqında protokoldan görünür ki, o həmin protokolu imzalamış və protokolda izahatı da əksini tapmışdır. O izahatında balıq ovuna getdiyini etiraf etmişdir. Eyni zamanda işin materialları ilə onun Kür çayının sol sahilində saxlanıldığı və bu ərazinin ov üçün qadağan edilmiş ərazi olduğu da öz təsdiqini tapmışdır. Əks halda Habil Sərdarov bu barədə qeydlərini inzibati xəta haqqında protokolda göstərmək imkanına malik olmuşdur. Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minmiş və bu proses sentyabrın 1-dək davam etmişdir. Ərazi qadağan edilmiş ərazi olmasa da belə,ova moratorium tətbiq edildiyi vaxtda, yəni 29 may 2024-cü ildə avtomobildə ov alətlərinin ovçuluq məqsədindən başqa, sair niyyətlə daşınması da ağlabatan mühakimə əsasında inandırıcı deyildir. Məhkəmə aydınlaşdırmalı olan 2-ci bənddə göstərilənlərlə bağlı onu qeyd edir ki, ov ləvazimatlarının aşkarlandığı avtomobilin Habil Sərdarova və yaxud qeyrisinə məxsus olmasının iş üçün əhəmiyyəti yoxdur. Belə ki, Habil Sərdarov izahatında ov alətlərinin ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmə iclasında verdiyi izahatında isə saxlanılarkən izahat verərkən həm inzibati xəta haqqında protokoldakı izahatın, həm də yazılı izahatın hər hansı təsir və təzyiq alıtnda verilmədiyini bildirmişdir. O bildirmişdir ki, ona görə ov alətlərinin ona məxsus olmasını etiraf etmişdir ki, avtomobili idarə edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzərində olmamışdır. Məhkəmə həmin dəlili inandırıcı hesab etmir. Belə ki, İXM-nin 86.1-ci maddəsinə əsasən inzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər tətbiq edə bilər. Göründüyü kimi şəxsiyyəti müəyyən etmək səlahiyyətli şəxslərin vəzifəsidir və şəxsiyyəti müəyyən etmək həmin şəxslər üçün o qədər də əlçatmaz deyildir. Belə olduğu halda hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsi olmadığna görə, inzibati məsuliyyətin şəxsiyyət vəsiqəsi olan birinin üzərinə qoyulması absurddur. Məhkəmə araşdırılmalı olan 3-cü dəlillə (aşkar olunmuş əşyaların Habil Sərdarova məxsus olmasını təsdiq edən heç bir sübutun olmaması ilə bağlı) bağlı onu qeyd edir ki, aşkar olunmuş əşyaların avtomobili idarə edən şəxsə məxsus olmasını da təsdiq edən hər hansı sübut yoxdur. Əksinə, Habil Sərdarov istər inzibati xəta haqqında protokoldakı izahatında, istərsə də yazılı izahatında həmin ləvazimatların ona aid olmasını bildirmişdir. Eyni zamanda həmin əşyaların ona aid olması elə Habil Sərdarovun özü tərəfindən də imzalanmış aktla da öz təsdiqini tapır. Eyni zamanda Habil Sərdarov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətində də göstərmişdir ki, həmin əşyalar maşınlarında olur və icazələri olduğu təqdirdə gedib balıq ovlayırlar. Məhkəmə iclasında Habil Sərdarov bildirmişdir ki, həmin əşyalar qohumuna məxsus olmuşdur. Məhkəmə qeyd edir ki, həmin əşyalar onun qohumuna məxsus olsa idi o bu barədə ilkin izahatında və məhkəməyə verdiyi şikayətində bu halı göstərərdi.Onun qohumunun Bakı şəhərində yaşaması kimi izahat verməsi özü onu təsdiq edir ki, Bakı şəhərində yaşayan birinin ov ləvazimatları ilə ov etmək niyyəti olmadan Kürün sahilinə getməsi də inandırıcı deyildir. Beləliklə məhkəmə Habil Sərdarovun inzibati xəta haqqında protokolda verdiyi və sonra yazılı şəkidə verdiyi izahatlarını sübut kimi qəbul edir. Habil Sərdarovun qeyd edilən inzibati xətanı törətməsi onun izahatları, iş üzrə inzibati xəta haqqında protokol, 29 may 2024-cü ildə tərtib edilmiş aktla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinəəsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Ovçuluq haqqında” haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsində qeyd olunmuşdur ki, quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan sudaquruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir (“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1 və 12.2-ci maddələri). Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir. Ovçuluq bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının ərazisində ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadə edilən ov alətlərinin növü və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ov silahlarının satışı, əldə edilməsi, uçotu, saxlanılması, gəzdirilməsi, tətbiqi, götürülməsi, müsadirəsi və geri alınması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir (“Ovçuluq haqqında” haqqında Azərbaycan Respublikasının Qanunun 13.1, 14.2, 15.1 və 15.2-ci maddələri). İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Ovçuluq haqqında” haqqında Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə, ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda, başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə, ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə, ovçuluq təsərrüfatında qeydiyyatdan keçmədikdə, ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə Azərbaycan Respublikasının ərazisində ov edilməsi qadağan edilir. Habil Sərdarov törətmiş olduğu inzibati xətadan bəhs edən İnzibati Xətalar Məcəlləsinin müvafiq normasında ov qaydalarının pozulmasından bəhs olunur. Ov qaydalarının pozulması anlayışı özündə qadağan olunmuş ov yerlərinə icazəsiz, ov bileti olmadan daxil olmanı əhatə edir. Belə ki, ov qaydası dedikdə şəxsin ov etmək üçün icazə almasından başlayaraq ov ovlanmasına qədər olan proses başa düşülür. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1 və 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133- 135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı:

Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar