Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-579/2025 15.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında EQ29639243 nömrəli xx.xx.2025-cü il tarixli elektron qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 DİN-in Baş Dövlət Yol polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ29639243 nömrəli xx.xx.2025-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və cərimənin silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, **-BL-*** dövlət qeydiyyat nişanlı KAMAZ Yük markalı İriqabaritli və ya ağır çəkili nəqliyyat vasitəsi var. Həmin yükdaşıyan avtomobil başqa şəxsin adınadır və etibarnamə əsasında o, idarə edir. Həmin avtomaşınla ancaq torpaq və daş daşınır Daş və torpaq yüklənədən sonra yükə əlavə etmək mümkün deyil. 01 avqust 2025-ci il tarixdə həmin avtomobillə Qaradağ rayonunda yerləşən şirkətindən avtomobilə daş yüklətmiş və həmin yükü Tovuza gətirirmişdir. Maşınla birlikdə çəki 41.500 ton olmuşdur. Maşının bu çəkidə olması İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmur. Onun barəsində müvafiq İcra orqanı inzibati tənbeh vermə haqqında qərar çıxarmış, xx.xx.2025 ci il tarixli qərarla o, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə olunmuşdur. Barəsində protokol Qaradağ rayonunda tətib olunmuşdur və həmin protokolla razılaşmamışdır. Protokolda maşının çəkisi 45.490 ton qeyd edilmişdir. Maşının çəkisi yüklə 41.500 tondur. Onun istifadəsində olan avtomobil 5 oxlu olmaqla maşınla birlikdə 42 t çəki də olmağa icazə verilir. Məhkəmə iclasında iştirak edən X2 şikayətdə göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmağına baxmayaraq BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş EQ29639243 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, **-BL-*** dövlət qeydiyyat nişanlı KAMAZ Yük markalı yük avtomobilinin sürücüsü X2 xx.xx.2025-cü il tarixdə Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə 600 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əlavə edilmiş xüsusi texniki vasitənin qeydə aldığı foto materiallara və məlumatlara əsasən yolda icazə verilən maksimum kütlə 42000 kq olsa da inzibati xəta aşkarlanarkən həmin avtomobilin faktiki kütləsi 45490 kq təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırma zamanı işin tədqiq olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış və sübuta yetirilmiş, inzibati xəta hadisəsinin baş verdiyini və sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən xüsusi texniki vasitənin qeydə aldığı məlumatlar və foto materiallar qərara əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin 3.1-ci bəndinə əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə yəhərli avtoqatarlar üçün icazə verilən ümumi kütlə 42 ton müəyyən edilmişdir. İnzibati xəta aşkarlanarkən **-BL- *** dövlət qeydiyyat nişanlı KAMAZ Yük markalı avtomobilin faktiki kütləsi 45490 kq təşkil etmişdir. Şikayətçi avtomobilin çəkisinin əslində 41500 kq olduğunu deyərək xüsusi texniki vasitənin göstəricisini mübahisələndirmiş, lakin iddiasını heç nə ilə əsaslandırmamışdır. Avtomobilə yük Qaradağ rayonu ərazisində yüklənmiş, yükləndikdən sonra çəkisi ölçülməmiş, yük plomblanmamış və həmin rayonun ərazisində olan texniki vasitə tərəfindən artıq çəki qeydə alınmışdır. Belə olduqda texniki vasitənin göstərcisinə şübhə ilə yanaşmağa əsas verən heç bir hal yoxdur. Buna görə də ağır çəkili nəqliyyat vasitəsinin, yəni **-BL-*** dövlət qeydiyyat nişanlı KAMAZ Yük markalı avtomobilin xx.xx.2025-cü il tarixdə icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğundur və həmin əmələ görə inzibati məsuliyyət müəyyən edən qanunun norması, yəni İXM-nin 353.2-ci maddəsi düzgün tətbiq edilmişdir. İXM-nin 353.2-ci maddəsinin sanksiyasında fiziki şəхslərin altı yüz mаnаt məbləğində cərimə edilməsi konkret müəyyən edildiyindən tətbiq edilmiş tənbeh İXM-nin tələblərinə uyğundur. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanına əsasən İXM-nin 353.2-ci maddəsinin baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Bu baxımdan inzibati xəta haqqında iş üzrə EQ29639243 nömrəli xx.xx.2025-cü il tarixli qərar buna səlahiyyəti çatan orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmişdir. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) apardığı araşdırma zamanı müvafiq inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasını müəyyən edən İXM-nin 122 və 127-1-ci maddələrinin, həmçinin bu Məcəllə ilə müəyyən edilmiş digər tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halı müəyyən edilməmişdir. Odur ki, qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 122, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.2025-cü il tarixli, EQ29639243 nömrəli “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” elektron qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-579/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-579/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver