Məhkəmə qərarları › İş №3(062)-591/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-591/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-591/2025 12.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ-nin polis sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx xxx 1993-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əlilliyi olmayan, subay, əvvəllər məhkum olunmuş, Tovuz şəhəri İ.Mürşüdov küçəsi ev 14-də qeydiyyatda olan və yaşayan, Şəxs - Barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 12 avqust 2025-ci il tarixdə saat 02 radələrində sərxoş vəziyyətdə Tovuz rayonu mərkəzində “Aura” marketin qarşısında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və bununla bağlı onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Baş vermiş xəta ilə əlaqədar Şəxs barəsində 12 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi ifadəsində göstərdi ki, 11 avqust 2025-ci il tarixdə saat 23 radələrində qonşusu X2 ilə görüşüb onunla 5-6 bokal pivə içmişlər. Bundan sonra gecə saatlarında siqaret almaq məqsədilə Tovuz rayon mərkəzində “Aura” marketdən siqaret almaq məqsədilə getmişlər. Avtomobili Elgün idarə etmək istəmişdir. O da razılaşaraq avtomobili idarə etmək məqsədilə Elgünə vermişdir. Elgün maşını sürətlə idarə etmişdir. Nəticədə polis əməkdaşları onları saxlamışdır. Bu zaman Elgün avtomobili saxlamaq istəməyərək avtomobili sərt idarə etmişdir. Sonra polis əməkdaşları onları saxlayaraq Tovuz RPŞ-yə aparmışlar. Polis əməkdaşları onu sakitlik yaratmağa dəvət etmişlər. Polis əməkdaşları onu nizamintizama dəvət etsə də o polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Hazırda əməlindən səmimi peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs dinləyib iş materiallarını tədqiq edərək belə qərara gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif edilməli və həmin maddələrlə təqsirli bilinib inzbati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta haqda iş üzrə materiala əlavə edilmiş 12 avqust 2025-ci il tarixli sərxoşluq halının təyini məqsədi ilə aparılan alkotesterin nəticəsindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:25-də 1,247 promil alkoqol sərxoşu olmuşdur. Məhkəmə Şəxs hadisəni sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdırılan hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla ona daha ciddi xəta olan İXM-nin 535.1-ci maddəsinin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun inzibati qaydada həbs olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 12 avqust 2025-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar