Məhkəmə qərarları › İş №3(062)-595/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-595/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-595/2025 12.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi X1 Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx.xx.1975-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əlilliyi olmayan, işsiz, əvvəllər inzibati xətaya məruz qalmamış, məhkumluğu olmayan, Tovuz rayonu Qazqulu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Tovuz Rayon PŞ-dən daxil olmuş inzibati xətta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Tovuz rayonu Qazqulu kəndində qonşusu Zərərçəkmiş şəxs ilə yaranmış münaqişə zəminində onu döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Faktla bağlı 12 avqust 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf etməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Aralarında əvvələr mübahisə və ədavət olmamışdır. 18 iyul 2025-ci ildə ona məxsus torpaq sahəsi ilə su açıldığını və bağ sahəsini yararsız hala saldığını görmüşdür. Həmin vaxt suyu Tapdığın açdığını düşünüb ona öz iradını bildirmişdir. Həmin vaxt Tapdıq onun üzərinə hücüm çəkərək yumruqla onun sifət nahiyəsinə zərbə vurmaq istəmişdir. O sol qolunu qabağa tutduğu üçün yumruq sifətinə dəyməmişdir. Sonra Etibar da onu vurmaq istəmişdir. X4 qoymamışdır. Ola bilsin ki, çəkişmə zamanı Könülə fiziki ağrı yetirmişdir. Sonradan onun barəsində şikayət olunduğunu bilmişdir. Olanlara görə barışmağa cəhd etsə də zərərçəkmiş şəxs barışmaq istəmir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, Şəxs ilə qonşuluqda yaşayırlar. 18 iyul 2025-ci il tarixdə saat 20 radələrində yaşadığı evin bağını suvarmaq üçün su açmışdır. Həmin vaxt Nərimanın suyu açan şəxsə nalayiq ifadələr işlətdiyini eşidib çölə çıxmışdır. Həmin vaxt əri Etibar və qaynı Tapdıq da işdən gəlmişlər. Bu zaman onlar Nərimana suyun tərəflərindən açılmasını bildirsə də Nəriman onları da təhqir etmişdir. Əri Nərimana nəyə görə təhqir etdiyini bildirən zaman o ərinin sol qoluna zərbə endirmişdir. Bundan sonra Nəriman təpiklə onun sağ ayağına zərbə endirmişdir. Həmin vaxt əri Etibar gəlib onu Nərimanın əlindən almış və yaşadığı evə aprmışdır. Evdə olan zaman o 102 xidmətinə zəng vurmuşdur. Hazırda Şəxs ilə barışmır, ondan şikayətçidir və qanuni tənbeh olunmasını məhkəmədən xahiş edir. İşə əlavə edilmiş 31 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş 19 iyul 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 602 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilmiş xəsarətlər sol bazu və sağ bud nahiyələrinin qançırları küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş arayışdan görünür ki, Şəxs son bir ildə inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, protokolu tərtib etmiş şəxsin, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq onun inzibati qaydada cərimə olunmasını məqsədə müvafiq hesab edir. İnzibati xəta haqda iş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar