Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-598/2025 28.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Tural Leysan oğlunun katibliyi, X1 AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29552017 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29552017 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yolötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası isə qəza təhlükələrinin nəzarət altına alınması məqsədilə tədbirlərin görülməsi üçün quraşdırılmış tərəzi-radar idarə etdiyi DAF FT XF 105 YÜK markalı, 99VG447 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 28 iyul 2025-ci il tarixində M-2 451.2 km, Ağstafa rayonu, Köçəsgər kəndi, Bakı istiqamətində guya normadan artıq yüklə birlikdə yola çıxdığını fiksə etmiş, daha sonra barəsində inzibati xəta ilə bağlı inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Həmçinin şikayətdə qeyd edilmişdir ki, avtomaşının faktiki çəkisi 39,22 tonn olmuşdur (bu barədə əlavə sənəd təqdim edilib). Eyni zamanda Qazax rayonunda 2 tərəzidən, Ağstafa rayonunda 1 tərəzidən və Ucar rayonunda 1 tərəzidən, Sanqaçalda isə 1 tərəzidən problemsiz şəkildə keçməsinə baxmayaraq, Ağstafa rayon Köçəsgər kəndi ərazisində avtomaşında artıq çəki qeydə alınmışdır. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək göstərmişdir ki, idarə etdiyi maşının yükləndiyi çəki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi haqqında Qaydalar"nın "Qoşqulu avtoqatarlar üçün" 3.2.-ci maddəsinə, yəni "nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə "42 ton" tələbinə tam uyğundur. Yükün çəkisinə dair qəbzdə, "xxxx" LTD MMM zavodun tərəziyə çıxarılan yükün çəkisi normalara tam uyğundur. Həmin qəbzləri sübut olaraq şikayət ərizəsinə əlavə etmişdir. Həmin tərəzi çekində çəki 39220 kq yük göstərir. Həmçinin Qazax rayonunda 2 tərəzidən, Ağstafa rayonunda 1 tərəzidən və Ucar rayonunda 1 tərəzidən, Sanqaçalda isə 1 tərəzidən problemsiz şəkildə keçməsinə baxmayaraq, Ağstafa rayon Köçəsgər kəndi ərazisində avtomaşında artıq çəki qeydə alındığını bildirdi. Göstərilənlərə əsasən, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29552017 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29552017 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün AR DİN Baş Dövlət Yol İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ -nin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29552017 nömrəli qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 07:05-də M-2 451.2 km, Ağstafa rayonu, Köçəsgər kəndi, Bakı istiqamətində DAF FT XF 105 YÜK markalı, 99VG447 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş və bununla da AR İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş qəbzə əsasən xx.xx.2025-ci il tarixdə saat 00:50-də ölçmə zamanı 99VG447 dövlət qeydiyyat nişanlı DAF markalı avromobil ümumi çəkisi 39220 kq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində olan xx.xx.2025-ci il tarixli, EQ 29552017 nömrəli qərar qəbul edilərkən kifayət qədər sübuta istinad edilməmiş, qərar qəbul edilməsində istinad edilən xüsusi texniki vasitənin məlumatları ilə X1 şikayətində istinad etdiyi tərəzi qəbzinin göstəriciləri arasındakı ziddiyyət aydınlaşdırılmamış, nəqliyyat vasitəsinin keçdiyi digər tərəzilərin qeydə aldığı məlumatlar nəzərə alınmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 29552017 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, inzibati xətanın törədildiyi vaxt (xx.xx.2025-ci il tarixdə) X2 qanunvericiliyin müddəalarında nəzərdə tutulan həddən artıq yükün daşınması və buna dair sübutlar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29552017 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29552017 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-598/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-598/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver