Məhkəmə qərarları › İş №3(062)-602/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-602/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-602/2024 09.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 22147743 nömrəli elektron qərardan barəsində qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli, EQ 22147743 nömrəli inzibati xəta barədə elektron qərarın ləğv edilməsi, barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, inzibati xəta haqqında qərarda onun sürücülük hüququnun olmaması əsas götürülmüşdür. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə göndərilmiş, lakin işə baxılanadək o, inzibati cəriməni ödədiyindən Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-429/2024 saylı qərarına əsasən, onun həmin protokol üzrə inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Hesab edir ki, barəsində olan inzibati işin icraatına xitam verilməli, barəsində tərtib edilmiş cərimə silinməlidir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Barəsində qərar qəbul edilmiş şəxs və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixli, EQ 22147743 saylı protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-429/2024 saylı qərarından görünür ki, X2 İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84cü maddəsində qeyd olunmuşdur ki, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, Məhəmmədəli Tağıyev tərəfindən verilmiş şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, X2 xx.xx.2024-cü il tarixli, EQ 22147743 saylı protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Qərarın çıxarılmasına əsas kimi nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi göstərilmişdir. Halbuki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)- 429/2024 saylı qərarına əsasən, X1 İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Belə olan halda xx.xx.2024-cü il tarixli, EQ 22147743 saylı protokolun qanunvericiliyin tələbi pozulmaqla tərtib edilməsi müəyyən olunur. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 22147743 nömrəli elektron qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar