Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-61/2025 27.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi polis kapitanı X3 zərərçəkmiş şəxslər X6 və X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Tovuz rayonu, Əyyublu ərazi dairəsi, Əyyublu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis Şöbəsi Qovlar PB-dən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 29 dekabr 2024-cü il tarixdən 01 yanvar 2025-ci il tarixədək olan müddət ərzində X2 Dönük Qırıqlı kəndi ərazisində yerləşən qəbirstanlığın yanındakı açıq sahədə olan əkin sahəsindən təxminən 52 ədəd xurma şitili oğurlamış, oğurladığı xurma şitillərini Şəmkir rayon Zəyəm qəsəbəsində yerləşən bazarda tanımadığı şəxsə satmış və ümumilikdə 321 (üç yüz on iki) manat maddi ziyan vurmuşdur. Faktla bağlı Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı X7 tərəfindən təhqiqat araşdırması aparılmış, xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək qərarın surəti inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün Tovuz RPŞ-nin Qovlar PB-yə göndərilmiş və Tovuz RPŞ-nin Qovlar PB-də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 227-ci maddəsi ilə MN1969578 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilmiş və məhkəmədə həmin inzibati xəta haqqında iş 3(062)-62/2025 nömrəli ilə qeydə alınmışdır. Bundan başqa, Şəxs 20 dekabr 2024-cü il tarixdən 21 dekabr 2024-cü il tarixədək olan müddət ərzində X4 Dönük Qırıqlı kəndi ərazisində yerləşən əkin sahəsindən təxminən 150 ədəd xurma şitili oğurlamış və ümumilikdə 500 (beş yüz) manat maddi ziyan vurmuşdur. Faktla bağlı Tovuz RPŞ-nin TB-nin baş təhqiqatçısı X1 tərəfindən təhqiqat araşdırması aparılmış, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək qərarın surəti inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün Tovuz RPŞ-nin Qovlar PB-yə göndərilmiş və Tovuz RPŞ-nin Qovlar PBdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 227-ci maddəsi ilə MN1969577 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilmiş və məhkəmədə həmin inzibati xəta haqqında iş 3(062)-61/2025 nömrəli ilə qeydə alınmışdır. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə 3(062)-62/2025 nömrəli materialın 3(062)-61/2025 nömrəli materialla bir icraatda birləşdirilməsi və icraatın 3(062)-61/2025 nömrə ilə davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi polis kapitanı X8 inzibati xəta haqqında protokola uyğun izahat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında ona məxsus sahədən 52 ədəd ağacın oğurlanması nəticəsində 312 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında ona məxsus sahədən 150 ağacın oğurlanması nəticəsində 500 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında Şəxs ona istinad edilən əməlləri törətdiyini etiraf etmişdir. X2 əmlakının oğurlanması faktı ilə bağlı Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı X7 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın və X4 əmlakının oğurlanması faktı ilə bağlı Tovuz RPŞ-nin TB-nin baş təhqiqatçısı X1 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti iş materillarına əlavə edilmiş və məhkəmə iclasında nəzərdən keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Hazırki iş üzrə Şəxs törətdiyi hər bir oğurluq əməli nəticəsində zərərçəkmiş şəxslərə 100 manatdan yuxarı məbləğdə maddi ziyan vurulduğunu nəzərə alaraq onun əməli Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olduğundan İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və iş üzrə materiallar Tovuz Rayon Polis Şöbəsinə geri göndərilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə materiallar Tovuz Rayon Polis Şöbəsinə geri göndərilsin. Qərarın surəti Tovuz Rayon Prokurorluğuna göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(062)-61/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-61/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver