Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-617/2024 05.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X7 və inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan barəsində tənbeh tətbiq edilmiş şəxs X6 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə mülkiyyətində olan “VAZ 21074” minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Tovuz rayonu Əyyublu kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində onun avtomaşını daş hasara dəymiş və digər şəxsə ziyan dəyməmişdir. Onun halı pisləşdiyindən polisə məlumat verməmiş və qonşuları tərəfindən xəstəxanaya aparılmışdır. Buna baxmayaraq, hadisə yerindən yayınması əsas gətirilərək Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X9 tərəfindən onun barəsində İXM-nin 327.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və 100 manat miqdarında cərimə edilmişdir. Hesab edir ki, batrəsində tərtib edilmiş inzibati sanksiya qanunsuzdur. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, həmin vaxt özündə olmamış və qonşularının köməkliyi ilə evə aparılmışdır. Yəni onun polisə məlumat vermək imkanı olmamışdır. Odur ki, şikayətin təmin edilərək qərarın ləğv edilməsini xahiş etdi. Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X9 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və qərarı müdafiə edərək göstərdi ki, barəsində qərar qəbul edilmiş şəxs yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmışdır. Səbəblərini isə şəxsi mülahizələrinə uyğun izah etmişdir. Hansı ki, onların heç bir əsası olmamışdır. Habelə, hazırda zərərçəkmiş şəxs də ondan narazıdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, hadisə baş verdikdən dərha sonra X3 evinə aparmışlar. Heç bir narahatçılığı olmamış və özünü yaxşı hiss etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəmə iclasında şahid X5 ilə eyni məzmunlu izahat verərək, hadisədən sonra X3 evinə apardıqlarını və sonuncunun düşüncəsinin yerində olmasını bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində göstərilmişdir ki, yol hərəkəti iştirakçısı — hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınmazı üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir. Həmin Qanunun 36-cı maddəsinin İ bəndində göstərilmişdir ki, yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd olunmuşdur ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. İş materialları ilə müəyyən edilir ki, X6 tərəfindən "VAZ 21033” minik markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın idarə edilən zaman yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Məhkəmə hesab edir ki, Nəbi Sadıqovun inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Onun qərarın ləğvi üçün göstərdiyi xüsusatlar barəsində tənbeh tədbiri tətbiq edilməsini aradan qaldıran hallara aid deyildir. Özünün təqdim etdiyi şahidlərin də izahatlarından aydın oldu ki, hadisə sonrası onun şüuru yerində olmuş və özünü idarə edə bilmişdir. Həmçinin halı əgər pis olacağı təqdirdə onun xəstəxanaya yerləşdirilməsi daha məqsədəmüvafiq olardı. Lakin şəxsi evinə aparmışlar. Odur ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməməli və Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-617/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-617/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver